Today Cümə, 11th Aprel 2025
Birinci 24

Birinci 24

Gürcüstan parlamenti “xarici agentlər” qanununu qəbul edib

Gürcüstan parlamenti “xarici agentlər” qanununu qəbul edib

Gürcüstan parlamenti “xarici agentlərin” qeydiyyatı və teleradio şirkətlərinin xaricdən maliyyələşdirilməsini qadağan edən qanunları qəbul edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, “Xarici agentlərin” qeydiyyatı haqqında qanun layihəsinin təşəbbüskarı olan hakim “Gürcü Arzusu” partiyası iddia edir ki, bu sənəd “guya Amerikanın FARA qanununun surətidir”.

Azadlıq Radiosunun Gürcüstan xidmətinin məlumatına görə, Amerika qanunlarından fərqli olaraq, Gürcüstan qanunu müstəqil vətəndaş cəmiyyəti təşkilatlarını və media qurumlarını hədəf alır.

Yeni qanuna əsasən, təkcə qeyri-kommersiya təşkilatları deyil, həm də fiziki şəxslər “xarici agent” statusu alacaqlar. 

Qanunun müddəalarına əməl edilməməsi cinayət məsuliyyətinə səbəb olacaq.

Ötən il qəbul edilən və etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun, büdcəsinin azı 20 faizi xaricdən maliyyələşən QHT-lərin, KİV-lərin qeydiyyata alınmasını və tələblərə əməl etməyənlərin inzibati məsuliyyətə cəlbini tələb edirdi. 

Yeni qanunun təşəbbüskarları qeyd ediblər ki, bir çox QHT qeydiyyatdan keçməməyə və cərimə ödəməyə üstünlük verdiyi üçün birinci qanun səmərəsiz olub.

Gürcüstan parlamenti “xarici agentlərin” qeydiyyatı haqqında qanundan əlavə, dövlətə xəyanət maddəsini Cinayət Məcəlləsinə qaytarıb, televiziya və radio şirkətlərinin xaricdən maliyyələşdirilməsini qadağan edən düzəlişləri qəbul edib, “gender” və “gender kimliyi” terminlərini qanunvericilikdən çıxarıb.

Hazırda Gürcüstan parlamenti yalnız hakim “Gürcü Arzusu” partiyası və hakimiyyətyönümlü “Xalqın Gücü” hərəkatının üzvlərindən ibarətdir.

Parlament müxalifəti qanunverici orqanın işində iştirakdan imtina edib.

Editor

Related Posts