Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Çin və ABŞ arasında gömrük rüsumları 125%-ə qaldırıldı

Çin və ABŞ arasında gömrük rüsumları 125%-ə qaldırıldı

Çin və ABŞ arasında ticarət münasibətləri yeni gərginlik mərhələsinə qədəm qoyub.

Birinci24 informasiya agentliyi “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Çin hökuməti 12 aprel tarixindən  etibarən ABŞ-dən idxal olunan mallara tətbiq edilən rüsumların 125%-ə qaldırılacağını bəyan edib.

Bildirilir ki, bu qərar, ABŞ-nin Çin məhsullarına qarşı tətbiq etdiyi sərt tariflərə cavab olaraq verilib.

Çin Dövlət Şurasının Tarif Komitəsi bildirib ki, artıq hazırkı tarif səviyyəsində Çin bazarı ABŞ mallarını qəbul etməkdə çətinlik çəkir. Komitənin açıqlamasında deyilir ki, ABŞ-nin əlavə rüsumla bağlı qərarları beynəlxalq iqtisadi normalara uyğun gəlmir və birtərəfli təzyiq siyasətidir.

Qeyd edək ki, bundan əvvəl – aprelin 2-də ABŞ Prezidenti Donald Tramp əksər ölkələrə, o cümlədən Çinə qarşı yeni idxal tarifləri tətbiq etdiyini elan edib. Bu qərara əsasən, 10%-dən 50%-ə qədər dəyişən tariflər aprelin 9-da qüvvəyə minməli idi. Çin üçün isə bu tarif artımı 34% səviyyəsində müəyyən olunmuşdu.

Bunun ardınca Tramp bəyan edib ki, Çin mallarına əlavə olaraq daha 50% rüsum tətbiq olunacaq və nəticədə bu ölkədən idxal olunan məhsullara tətbiq edilən tarif 104%-ə çatacaq. O, bu addımı Çin iqtisadiyyatına qarşı daha sərt mövqe nümayiş etdirmək məqsədilə atdığını bildirib.

Çin tərəfi də cavab tədbiri görməkdə gecikməyib. Çin Dövlət Şurasının Tarif Komitəsi aprelin 10-da açıqlama yayaraq, ABŞ-dən idxal olunan bütün mallara tətbiq edilən əlavə rüsumun 34%-dən 84%-ə qaldırıldığını bəyan edib. Komitənin bəyanatında qeyd olunub ki, bu qərar ABŞ-nin birtərəfli və ədalətsiz tarif siyasətinə qarşı məntiqli və balanslaşdırılmış cavabdır.

Gərginliyin kulminasiya nöqtəsi isə aprelin 9-da yaşanıb. Həmin gün Tramp sosial şəbəkədə verdiyi açıqlamada Çindən idxal edilən bütün məhsullara tətbiq olunan rüsumun 125%-ə yüksəldiyini elan edib. “Çinin qlobal bazarlara göstərdiyi hörmətsizliyi nəzərə alaraq, Amerika Birləşmiş Ştatlarının Çinə tətbiq etdiyi tarifi 125%-ə qaldırıram”, – deyə Tramp “Truth Social” platformasında yazıb.

“Bloomberg”in məlumatına görə, tarif mübahisəsi artıq ticarət sahəsindən kənara çıxaraq, mədəniyyət və humanitar sahələrə də təsir göstərməyə başlayıb. Belə ki, Çin ABŞ istehsalı olan filmlərin ölkə kinoteatrlarında nümayişinə məhdudiyyət qoymaq qərarı verib.

Ekspertlər hesab edirlər ki, bu qarşılıqlı tarif artımları qlobal ticarət balansını sarsıda və dünya bazarında yeni qeyri-sabitlik yarada bilər.

Editor

Related Posts