Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Heç nədən işini itirmə təhlükəsi: “O insanlar hərbi təlimə öz kefindən getmir”

Heç nədən işini itirmə təhlükəsi: “O insanlar hərbi təlimə öz kefindən getmir”

“Vətəndaşların təlimə çağırılması ilə bağlı bütün məsuliyyət SHXÇDX-nin (Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xİdməti) üzərinə düşür. Xidmət həmin həm müəssisələrə, həm də dövlət qurumlarına rəsmən izah etməlidir ki, əgər vətəndaş qısa, yaxud uzunmüddətli təlim toplanışlarına cəlb olunursa, onun iş, yaxud təhsil yeri toxunulmaz qalmalıdır”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu ehtiyatda polkovnik və hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, sözügedən məsələ xeyli vaxtı insanları narahat edir:

“Bu məsələ xeyli vaxtı insanları narahat edir. Bu məsələni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) həll etməlidir.

Bu məsələ Müdafiə Nazirliyinin işi deyil. Müdafiə Nazirliyi yalnız təlimlərdən sonra həmin təlimlərə cəlb olunan şəxslərə arayış verir ki, filan şəxs 20 gün, yaxud 1 ay ərzində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində təkmilləşdirmə kursunu bitirib.

Vətəndaşların çağırılması ilə bağlı bütün məsuliyyət SHXÇDX-nin üzərinə düşür. Onlar həmin özəl müəssisələrə, o cümlədən dövlət qurumlarına rəsmən qanuni şəkildə izah etməlidirlər ki, əgər vətəndaş qısa, yaxud uzunmüddətli təlim toplanışlarına cəlb olunursa, onun iş, təhsil yeri toxunulmadan saxlansın. Bu təşkilatın, yaxud idarənin problemidir ki, filan şəxs 3 aylıq toplanışa gedəcək, həmin müddət ərzində onun işini kim görəcək?”

Ekspert SHXÇDX-yə çağırış edib:

“Azərbaycanın qanunları var, Azərbaycan hərbçisi həmin özəl, yaxud dövlət qurumlarının müdafiəsi və təhlükəsizliyi ilə məşğuldur. O insanlar hərbi təlimə öz kefindən getmir. Onlar hazırlığı keçirlər ki, sabah baş verə biləcək təhlükələrdə dövlətin yanında ola bilsinlər. İnsanalara problem yaratmaq olmaz.

Bu işi SHXÇDX görməlidir. Həmin qurumda çalışan dostlarımıza təklif edirəm ki, işlərini ancaq çağırışla yekunlaşdırmasınlar. İnsanların digər problemlərinin həlli ilə də məşğul olsunlar. Çünki hərbidə olan insanlar Azərbaycan dövlətinin, hökumətinin maraqlarını təmsil etmək üçün həmin təlimlərə cəlb olunurlar. Bu nöqteyi-nəzərdən SHXÇDX məsuliyyət daşıyır və qanunlara əməl edilməsini onlar tələb etməlidir”.

Xatırladaq ki, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz:

“Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.

Toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir”.

Editor

Related Posts