Həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu azadlığa buraxılması tələbilə başladığı aclıq aksiyasının 21-ci günündədir.
Əvvəllər də aclıq aksiyaları keçirən siyasətçinin qızı Nigar Həzi “Facebook” səhifəsində bildirir ki, ilk dəfədir onun aclığı bu qədər uzun çəkir.
“Hələ nə qədər çəkəcəyi isə bəlli deyil. Amma hər keçən saat, dəqiqə T. Yaqublunu ölümə daha da yaxınlaşdırır. Yaşadığımız gərginliyi, narahatlığı, stresi anlatmağa söz tapa bilmirəm”, – deyə o qeyd edib.
“Görünən odur ki, T. Yaqubludan qisas alan İlham Əliyev onun ölümüylə bağlı qərarını verib. Tofiq Yaqublunun həyatına görə bütün Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır”, – Nigar Həzi əlavə edib.
Aprelin 20-də Nigar Həzi və anası Yaqublu ilə Umbakı qəsəbəsində saxlandığı təcridxanadaa görüşüb. O bildirib ki, atası “dəhşət yorğun və halsız” idi.
“Çox arıqlayıb. Qalxanda başı gicəllənir. Yeriyəndə səndirləyir, divardan tutur, müvazinətini saxlamağa çalışır. Birdən yıxılar deyə, nəzarətçilər qolundan tutur. Rəngi çox qaralıb, artıq çənə sümüyünün konturları qabarıq görünür. Danışanda tez-tez danışdığı sözü unudur. Buna rəğmən özünü bizim yanımızda yaxşıymış kimi göstərməyə çalışırdı”, – Nigar Həzi “Facebook” hesabında yazıb.
Aprelin 19-da ailəsinin istəyi üzrə həkim Adil Qeybullanın Yaqublunu müayinə etmək üçün təcridxanaya buraxılmasına icazə verilib. Həkim müayinədən sonra bildirib ki, siyasətçinin vəziyyəti orta-ağırdır.
Qeybulla Yaqubluya aclığı dayandırmasını tövsiyə etsə də, o, aclığı davam etdirməkdə israrlı olduğunu bildirib. Həkim aclıq aksiyasının protokoluna uyğun olaraq Yaqubluya ringer və fizioloji məhlulların qəbulunun vacibliyini bildirib və bundan sonra ona zəruri məhlulları köçürüb.
Aprelin 1-dən aclıq aksiyası keçirən Yaqublu 12 kq-dan çox çəki itirib.
Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Siyasətçi ittihamları qurama sayır.
Bu, siyasətçinin ilk aclıq aksiyası deyil. O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.