Today Cümə, 25th Aprel 2025
Birinci 24

Birinci 24

Fermerləri torpaqlarını Çin şirkətlərinə verməyə məcbur edirlər

Fermerləri torpaqlarını Çin şirkətlərinə verməyə məcbur edirlər

Özbəkistanda fermerlər bildirir ki, hökumət “dövlət dəstəyi ilə inkişaf” adı altında onları torpaqlarını Çin şirkətlərinə verməyə məcbur edir, minlərlə hektar münbit pambıq və buğda sahələri yerli əhalinin əlindən alınır.

Fərqanə vadisinin bərəkətli torpaqlarının taleyindən narahat olan fermerlər AzadlıqRadiosuna bildiriblər ki, geniş torpaq sahələri dövlət ehtiyatına götürülərək çinli iş adamlarına verilib.

Rəsmi sənədlərdə deyilir ki, torpaq köçürmələri könüllüdür. Lakin AzadlıqRadiosuna danışan onlarla şəxsin, torpaqlarını təhvil verənlərin ifadələri başqa bir reallığı təsvir edir: yerli məmurların göstərişi ilə hərəkət edən özbək hüquq-mühafizə orqanlarının zorakılığı, təhdidləri və hədə-qorxuları.

“Vali mənə dedi: ‘Bu, prezidentin göstərişidir. Ya torpağı verirsən, ya da həbsxanaya gedirsən'”, – açıq danışdığı üçün cəzalandırılmaqdan qorxaraq adının çəkilməsini istəməyən bir fermer bildirib.

“İqtisadi tələ”

Özbəkistan, Qırğızıstan və Tacikistan arasında bölüşdürülən Fərqanə vadisində torpaqların transferi Mərkəzi Asiyada yeni bir gərginlik ocağına çevrilib. Bu gərginlik torpaq mübahisələri, borc asılılığı, əmək bazarındakı problemlər və Çin təsirinin artmasından doğan qorxular səbəbindən bölgədə anti-Çin əhval-ruhiyyəsinin güclənməsi ilə bağlıdır.

Özbəkistanın fermerlik qanununa görə, fermerlər dövlət torpağını 49 il müddətinə icarəyə götürərək istifadə edirlər. Nə yerli hakimiyyət, nə də prokurorluq bu torpaqları onların əlindən ala bilər. Qanunvericiliyə əsasən, torpağın dövlət tərəfindən müsadirəsi yalnız məhkəmə qərarı ilə həyata keçirilə bilər.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Çin Xalq Respublikasının sədri Si Cinpin Çin-Mərkəzi Asiya Sammitində.

Lakin fermerlər deyir ki, torpaqlar bölgənin rəhbəri Şuhrat Abdurahmonovun şifahi göstərişi ilə zorla onların əlindən alınır.

“Torpağımdan vaz keçmək istəmədim və bir az müqavimət göstərdim, cavab olaraq rayon hakimi 20-dən çox polis əməkdaşını və Milli Qvardiyanı rayon administrasiyasına çağırdı. Məni və həyat yoldaşımı həbs etməyi əmr etdi”,- Kurqantəpə rayonundan olan fermer AzadlıqRadiosuna bildirib.

AzadlıqRadiosu regional administrasiyalar ilə əlaqə saxladıqda onlar fermerlərin iddialarını şərh edə bilməyiblər.

Çinin geniş torpaq sahələrini ələ keçirməsi ilə bağlı narahatlıqlar yalnız fermerlərə aid deyil.

Çinin Mərkəzi Asiyadakı iqtisadi mövcudluğu son illərdə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində sürətlənib.

2025-ci ilin əvvəlində Çin Özbəkistanın ən böyük ticarət tərəfdaşı olub, ikitərəfli ticarət həcmi 12.5 milyard dollara çatıb. Ölkədə 3 min 400-dən çox Çin şirkəti fəaliyyət göstərir ki, bu da hətta Rusiyanın burada fəaliyyət göstərən şirkətlərinin sayını üstələyir.

Oxşar tendensiya digər Mərkəzi Asiya ölkələrində, məsələn, Qazaxıstanda da müşahidə olunur.

Nargiza Murataliyeva

“İqtisadi tələ”

Çin investisiyaları infrastruktur, iş yerləri və texnologiya vəd edir. Lakin ekspertlər onun daha qaranlıq tərəfləri barədə xəbərdarlıq edirlər.

Özbəkistandan olan siyasi analitik Nargiza Murataliyeva deyir ki, Mərkəzi Asiya ölkələri getdikcə Çinin “iqtisadi tələ”sinə düşürlər: asan kreditlər— əksər hallarda qeyri-şəffaf şərtlərlə —nəticədə zəif dövlətləri siyasi təzyiqlərə və ya aktivlərin müsadirə olunmasına qarşı çətin vəziyyətə sala bilər.

Murataliyeva vurğulayır ki, Pekin 2011-ci ildə Tacikistandan borc silinməsi müqabilində 1100 kvadrat kilometrdən çox torpaq əldə edib, bu da bu “tələ”yə düşməyin potensial nəticəsinin bariz nümunəsidir.

Çin artıq Özbəkistanda ən böyük kreditordur və ödənilməmiş kreditlərin ümumi məbləği 3.8 milyard dollardır.

“Regiondakı bütün ölkələr üçün Çin krediti ilə bağlı ümumi xüsusiyyətlər borc almağın asanlığı, ödənişlərin çətinliyi, eləcə də prosedurların və xüsusi şərtlərin şəffaf olmamasıdır”, – Murataliyeva bildirir.

Çinin Sincan vilayətində uyğurlar və digər qeyri-han etnik qruplarına qarşı sərt rəftar onlarla dil, mədəniyyət və dini bağları paylaşan mərkəzi asiyalılar arasında dərin əks-səda doğurur. Çinin bir gün qazaxlara və ya özbəklərə eyni münasibət göstərə biləcəyi qorxusu Pekinin regionda artan mövcudluğuna qarşı müxalif görüşləri daha da gücləndirir.

Özbəkistanın qərbindəki Əndican vilayətindən olan fermerlərdən biri AzadlıqRadiosuna deyib: “Belə çıxır ki, çinlilər həqiqətən mənim torpağımı çox xoşlayırlar; onlar başqa fermerlərin də torpağını almaq istəyirlər… Bizi ən çox narahat edən isə odur ki, onlar sonradan ölkəmizi ələ keçirə və Sincandakı uyğurlara etdiklərini bizə də edə bilərlər”.

Editor

Related Posts