Paşinyan İTV-yə: Azərbaycanın da konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var

Paşinyan İTV-yə: Azərbaycanın da konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var

Ermənistanın Baş naziri Nikol Paşinyan “İTV”yə verdiyi müsahibədə Azərbaycanın konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olduğunu bildirib. 

“Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranada olan Paşinyan İTV müxbirinin suallarını cavablandırıb.

O, Ermənistan konstitusiyasında belə bir iddianın olmadığını deyib və bu fikrini Konstitusiya Məhkəməsinin qərarına əsaslandırıb.

Paşinyan martda razılaşdırılmış sülh müqaviləsində tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığını vurğulayıb və əlavə edib ki, bu müqavilə ölkələrin gələcəkdə ərazi iddiaları qaldırmamasını da nəzərdə tutur.

O bildirib ki, müqavilə imzalandıqdan sonra Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək və uyğunluq təsdiqlənsə, sənəd parlamentdə ratifikasiya olunacaq.

Paşinyan Azərbaycanın iddialarına qarşı ən qısa yolun sülh müqaviləsinin imzalanması olduğunu deyib və əlavə edib ki, Ermənistan Azərbaycanın konstitusiyasındakı iddiaları qabartmır.

ATƏT-in Minsk qrupunun ləğvi məsələsinə toxunan Paşinyan bu istiqamətdə ATƏT-ə müraciəti mümkün sayıb və sülh müqaviləsi ilə birgə imzalanmasını təklif edib.

İTV müxbirinin Ermənistanın ATƏT-in Minsk qrupunun ləğvinə razı olub-olmayacağı ilə bağlı sualına cavabında isə, Paşinyan iddia edib ki, Azərbaycanda “öz ərazisindəki münaqişəni dondurub onu Ermənistan ərazisinə ixrac etmək istəyən qüvvələr var”. 

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə Paşinyanın açıqlamalarını tənqid edərək onun beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını bildirib. Hacızadə Ermənistanın Almatı bəyannaməsini pozduğunu və konstitusiyasının dəyişdirilmədən sülh müqaviləsinin etibarsız qalacağını deyib.

Nazirliyin sözçüsü iddia edib ki, Ermənistan “gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant saxlamağa” çalışır. 

Azərbaycan və Ermənistan mart ayında sülh müqaviləsinin mətni üzərində razılığa gəlsələr də, Azərbaycanın qarşı tərəfdən konstitusiyanın dəyişdirilməsi və Minsk qrupundan çıxmaq kimi tələbləri olduğuna görə müqavilə hələ imzalanmayıb. 

Editor

Related Posts