Azərbaycanda dini qaydalarla yönəldilən “Kərimə dövləti” qurmağa cəhddə suçlanan 13 nəfərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun çıxardığı hökmlə onlardan ikisinə – Faiq Zeynalovla İlham Şıxəliyevə 17 il həbs cəzası kəsilib. Qalan təqsirləndirilən şəxslərdən beş nəfər 16 il, daha beşi də 15 il 6 ay azadlıqdan məhrum edilib. Yalnız bir nəfər – Mir Vasif Əliyevə digərləriylə müqayisədə həbs edilərkən məktəbli olduğu üçün nisbətən az cəza verilib – 10 il. Onun 18 yaşı həbsdə olarkən tamamlanıb. Qanun suçlandığı cinayət baş verərkən yetkinlik yaşına çatmayan şəxsə 10 ildən yuxarı cəza kəsilməsini yasaqlayır.
Təqsirləndirilən şəxslərə qarşı dövlətə xəyanət, dövlət xadiminin həyatına sui-qəsd, dövlətin konstitusiya quruluşunu dəyişməyə cəhd, narkotik və başqa ittihamlar irəli sürülüb.
Cinayət işinin materiallarında iddia olunur ki, İranda yaşayan azərbaycanlı Rufulla Axundzadə və oğlu Əlimürsəl Axundzadə “WhatsApp”, “Telegram” kimi ani mesajlaşma sistemlərində yaratdığı qruplara “Qisas 313” və başqa adlar verərək müxtəlif adamları cəlb etməklə orada müzakirələr aparıblar. Qrup üzvlərinə bəzi obyektlərin videogörüntülərini çəkmək və kimlərinsə həyatına sui-qəsd hazırlamaqla bağlı tapşırıqlar verilib. İttihama görə, təqsirləndirilən şəxslər keçmiş təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mir Şahin Ağayevə sui-qəsd hazırlayıblar. Bu üzdən, adıçəkilən hər iki şəxs cinayət işində zərərçəkmiş qismində tanınıb.
Ata və oğul axtarışa verilib
Niyə məhz Mərdanov və Ağayevin cəzalandırılmasına gəlincə, iddia edilir ki, səbəb birinin nazir olduğu dövrdə məktəblərdə hicabı yasaqlayan qərar verməsi, digərininsə rəhbərlik etdiyi telekanalın efirində “İmam Hüseynova bacıları” ifadəsini işlətməsi olub.
Ata və oğul Axundzadələr haqqında da qiyabi həbs qərarı çıxarılıb və onlar axtarışa verilib.
Bu cinayət işi üzrə ilyarım sürən məhkəmə prosesi qapalı keçirilib. AzadlıqRadiosunun bilgisinə görə, təqsirləndirilən şəxslər onlara verilən ittihamları qəbul etməyiblər. Onlar xarici xüsusi xidmət orqanlarının tapşırığıyla Azərbaycanda “Kərimə dövləti” qurmaq cəhdləri və saxlanılarkən üzərilərindən narkotik tapılması haqda ittihamda yazılanları yalan adlandırıblar. Bunu da vurğulayıblar ki, həm özlərinin, həm də bir-birinin əleyhinə ifadə verməkdən ötrü işgəncələrə məruz qalıblar.
Zərərçəkmiş qismində tanınanlardan M.Ş.Ağayev məhkəməyə gəlib və deyib ki, ona qarşı sui-qəsddən xəbəri olmayıb, izləndiyini hiss etməyib. Bu haqda yalnız hüquq-mühafizə orqanları bilgi verəndən sonra xəbər tutub. O, təqsirləndirilən şəxslərdən şikayətçi olmayıb.
Təqsirləndirilən şəxslər və vəkillər israrla tələb etsələr də, M.Mərdanov məhkəməyə gəlməyib. Onun gəlib sualları cavablamasından ötrü bir neçə dəfə məhkəmədə vəsatət qaldırılsa da, keçmiş nazir məhkəmə iclasına qatılmayıb.