11 iyun 2025-ci il tarixində Naxçıvanda təşkil olunan Karyera Sərgisinə qatılan, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirmiş bir qrup məzun işlə təmin olunub. Bu addım, Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamıdır.
Təyinat alan məzunlar yeni yaradılan Ailə Sağlamlıq Mərkəzlərində fəaliyyətə başlayacaqlar. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov gənc tibb işçiləri ilə görüş keçirib. Görüş zamanı nazir onlara uğurlar arzulayıb, məsuliyyətli və vicdanlı fəaliyyətin əhəmiyyətini vurğulayıb.
“Muxtar respublikada əhalinin sağlamlığının qorunması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə kadr potensialının gücləndirilməsi isə əsas prioritetlərimizdəndir”, – deyə səhiyyə naziri qeyd edib.
Nazir, yeni təyin olunmuş həkimlərə vəzifə borclarını məsuliyyətlə yerinə yetirməyi, etik prinsiplərə sadiq qalmağı və daim peşəkar inkişafla məşğul olmağı tövsiyə edib. O, vurğulayıb ki, savadlı və vicdanlı tibb işçiləri cəmiyyətin sağlamlıq dayağıdır.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Məzunlar onlara göstərilən diqqət və etimada görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, işə başlamazdan əvvəl gənc həkimlər üçün 2 ay müddətində nəzəri və praktiki bilikləri artırmağa yönəlmiş təlim proqramı təşkil olunacaq. Bu proqram onların peşə hazırlığının möhkəmləndirilməsi və səhiyyə müəssisələrində qarşılaşa biləcəkləri real vəziyyətlərə hazırlıqlı olmaları məqsədi daşıyır.