Today Şənbə, 14th İyun 2025
Birinci 24

Birinci 24

İsrail İrana zərbələr endirib, SEPAH-ın baş komandanı öldürülüb

İsrail İrana zərbələr endirib, SEPAH-ın baş komandanı öldürülüb

İsrail ordusu iyunun 13-ə keçən gecə İrana zərbələr endirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, zərbələr nəticəsində İranın Tehran, Təbriz, Natanz və Kirmanşah şəhərlərində partlayışlar müşahidə olunub.

İsrail Baş naziri Benyamin Netanyahu televiziya vasitəsilə etdiyi çıxışda İranın Natanz şəhərindəki nüvə zənginləşdirmə müəssisəsinin hədəfə alındığını deyib.

O bildirib ki, “Oyanan Şir” adlı əməliyyat “neçə gün lazımdırsa, o qədər də” davam edəcək.

Hücum nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Bageri, general Qulam Əli Rəşid və bir neçə nüvə alimlərinin öldürüldüyü bildirilir.

Bəyanatla çıxış edən İran Ali lideri Ayətullah Əli Xamenei İsraili cavab hücumu ilə hədələyib.

“Bu cinayətlə Sionist rejim özünə acı və ağrılı bir aqibət hazırlayıb və o aqibətlə üzləşməsi qaçınılmazdır. Allahın lütfü ilə, İran İslam Respublikasının Silahlı Qüvvələrinin qüdrətli qolu onları cəzasız buraxmayacaq”, – o deyib.

İranın İsrailə artıq 100-dən çox dronla hücum etdiyi bildirilir.

ABŞ Dövlət katibi Marko Rubio bəyanatında ölkəsinin İsrailin hücumlarında iştirakı olmadığını bildirib.

Prezident Donald Tramp isə “Fox News” kanalına açıqlamasında İsrailin hücumu barədə öncədən məlumatlı olduğunu, İranın cavab verəcəyi təqdirdə İsraili köməksiz buraxmayacaqlarını deyib.

Tramp, həmçinin, deyib ki, İranla nüvə proqramı üzrə danışıqlara sadiqdir, lakin İranın nüvə silahına sahib olmayacağı haqda tələbi qüvvədədir.

ABŞ-la İran arasında nüvə proqramı üzrə danışıqların növbəti raundunun iyunun 15-də Omanda baş tutması gözlənilirdi.

Azərbaycan Xarici İşlər Nazirliyi mövzu ilə bağlı mövqeyini açıqlamayıb.

Azərbaycan Hava Yolları isə Tehran, Təl-Əviv və Dubay şəhərlərinə uçuşlarını dayandırıb.

Editor

Related Posts