Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Culfa rayonunda yüksək nəticə göstərən məktəblilər mükafatlandırılıb

2021-2022-ci tədris ili üzrə Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 238-i tələbə adını qazanıb. Yüksək nəticə göstərən məktəblər mükafatlandırılıb.

Bu münasibətlə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildiriblər ki, muxtar respublikamızda təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsində ötən illərdə olduğu kimi 2021-2022-ci tədris ilində də həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək nəticələr əldə olunub. Bu qayğının nəticəsidir ki, ötən tədris ilində imtahanda iştirak edən məzunların 76 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Təhsil naziri qeyd edib ki, Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində 25 tam orta məktəb fəaliyyət göstərir. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayon ərazisində yerləşən bütün ümumtəhsil müəssisələrinin infrastrukturu yenilənib, müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 620 kompüter və 78 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 79 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 62 mindən çox dərsliklə təmin olunub, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, STEAM kabinələri yaradılıb. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Culfa rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 64-ü müəllim kimi fəaliyyətə başlayıb, 25-i isə müxtəlif vəzifələrə təyin olunub.

Vurğulanıb ki, Culfa rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə göstərmələrinə öz müsbət təsirini göstərib. Ötən tədris ili üzrə Culfa rayon ümumtəhsil məktəblərindən 283 məzun ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib, onlardan da 238-i, yaxud 84 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olub. 2021-2022-ci tədris ilində muxtar respublika üzrə 47 məktəb ali və orta ixtisas təhsil müəssisələrinə qəbul nəticələrinə görə 100 faiz nəticə göstərmişdir ki, onlardan da 11-i Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdir. 32 məzun 500-700 arası nəticə göstərib, 5 məzun gümüş nişana, 2 məzun isə fərqlənmə attestatına layiq görülüb. 15 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olub.

Culfa rayonunda fəaliyyət göstərən 25 məktəbdən 19-u qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən yüksək nəticə əldə edib.

Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkürünü bildirib.

Sonra Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev çıxış edərək 2021-2022-ci tədris ilində gördükləri işlər və 2022-2023-cü tədris ili üzrə gözlənilən nəticələr barədə məlumat verib, təhsil müəssisələrində yaradılan şəraitin təhsilin yüksəlməsinə və uğurlu nəticələrin qazanılmasına birbaşa təsir etdiyini vurğulayıb, bu qayğıya görə minnətdarlığını bildirib.

Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Culfa şəhər 2, Yaycı kənd 1 və 2 nömrəli, Saltaq, Milax, Ərəfsə, Xanəgah, Göydərə, Kırna, Camaldın, Ləkətağ, Qazançı, Boyəhməd, Teyvaz, Qızılca, Xoşkeşin, Şurud, Əbrəqunus, Gülüstan kənd tam orta məktəblərinə diplomlar təqdim edilib, xatirə şəkli çəkilib.

admin

Related Posts