Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Qarabağdakı yataqlarda iş dayandırılıb? – Ekoaksiya davam edəcək? – Açıqlama

Qarabağdakı yataqlarda iş dayandırılıb? – Ekoaksiya davam edəcək? – Açıqlama

Azərbaycanın qızıl və mis-molibden yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkəti azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ilə əlaqədar olaraq fəaliyyətini müvəqqəti dayandırdığı və beynəlxalq ekoloji ekspertizanın keçirilməsi qərarı verdiyi bildirilib.

Bu addımdan sonra azərbaycanlı ekofəallar Laçın yolunda aksiyanı dayandıracaqmı?

Mövzu ilə bağlı açıqlama verən politoloq Elçin Mirzəbəyli belə bir qərar verilsə də, Azərbaycan tərəfinin tələblərinin əhəmiyyətli hissəsinin yerinə yetirilmədiyini bildirib:

“Ona görə də aksiya öz məntiqi nəticəsinə çatana qədər davam etdiriləcək”.

Elçin Mirzəbəyli bildirib ki, aksiyanın keçirilməsinin konkret səbəbləri var:

“Birinci səbəb Azərbaycan torpaqlarındakı təbii sərvətlərin qanunsuz istismarıdır. İkinci səbəb ekoloji fəlakət və bunun araşdırılması üçün Azərbaycan müvafiq dövlət qurumlarının həmin ərazilərdə monitorinq keçirməsinə şərait yaradılmamasıdır. Qanunsuz fəaliyyətin dayandırılması ilə bağlı açıqlama verilsə də, hələlik Azərbaycan tərəfində bunu təsdiqləyən konkret faktlar yoxdur. Digər tərəfdən, məsələ təkcə təbii sərvətlərin talanmasından getmir. Eyni zamanda söhnət ekologiyaya dəyən ziyandan gedir. Həmçinin qanunsuz istismar nəticəsində vurulan ziyanın aradan qaldırılması ilə bağlı müvafiq addımların atılması da Azərbaycan üçün priotet məsələlərdən biridir. Ona görə də düşünürəm ki, bu məsələlər öz həllini tapmayana, davamlı monitorinq üçün şərait yaradılmayana qədər, şübhəsiz ki, Azərbaycan addımlar atmağa davam edəcək. Söhbət vətəndaş cəmiyyəti institutlarının atacağı addımlardan gedir. Bu aspektdən aksiyanın hansı mərhələdən sonra dayanacağı ilə bağlı konkret fikiri, şübhəsiz ki, aksiyanın iştirakçıları bildirə bilərlər”.

Elçin Mirzəbəyli “Base Metals”ın beynəlxalq ekoloji ekspertizanın keçirilməsi, əraziyə BMT ekspertlərinin cəlb edilməsi ilə bağlı məsələyə də münasibət bildirib. Onun fikrincə, əgər söhbət Azərbaycanla Ermənistan arasında hansısa bir mübahisəli ərazinin qeyri-qanuni istismarından gedərdisə, o zaman BMT ekspertlərinin dəvət olunması mümkün idi:

“Amma indiki şəraitdə söhbət Azərbaycanın suveren ərazilərindən gedir. Bu ərazilərə Azərbaycanın monitorinq qrupu daxil olmadan BMT-nin hansısa ekspertlərinin daxil olması absurddur. Hesab edirəm ki, Azərbaycan tərəfi bu yanaşma ilə razılaşmayacaq. Çünki BMT eksperetlərinin dəvət olunması və Azərbaycanın da buna razılıq verməsi de-fakto separatçıların tərəf kimi tanınması anlamına gəlir. Bu, eyni zamanda həmin ərazilərin faktiki olaraq, separatçıların nəzarəti altında olduğunun qəbul edilməsi kimi başa düşülə bilər. Bu aspektdən BMT ekspertlərinin Azərbaycan ərazilərinə daxil olması üçün hər hansı əsas yoxdur. Söhbət Azərbaycan ərazilərinin qanunsuz istismarından gedir. Azərbaycan tərəfi istəsə, özü xarici ekspertlər dəvət edə bilər. Bu ekspertlər BMT və ya hansısa başqa bir beynəlxalq təşkilatın təmsilçiləri ola bilər. Bu da o məqsədlə edilə bilər ki, qanunsuz istismar nəticəsində ölkəmizə dəyən ziyanın miqyası müəyyənləşdirilsin və günahkar tərəflərə qarşı Beynəlxalq İqtisad məhkəməsində təzminat davası açılsın”.

Editor

Related Posts