Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İranı “3+3” formatına təkrar qaytaran kim və nədir?..

İranı “3+3” formatına təkrar qaytaran kim və nədir?..

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşdə deyib ki, İran 3+3 formatında görüş keçirməyə hazırdır.

Abdullahiyan regional əməkdaşlığın vacibliyini vurğulayaraq, İranın Tehranda Azərbaycan, Rusiya, İran, Türkiyə, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin görüşünü keçirməyə hazır olduğunu bildirib.

A. Qruşko da öz növbəsində ikitərəfli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlığın inkişafının vacib olduğunu vurğulayıb.

Maraqlıdır ki, əvvəl İran bu formatda iştirakla bağlı konkret nəsə demirdi. Hazırda İranı “3+3” formatına təkrar qaytaran kim və nədir?

Müharibədən sonra isə Türkiyə və Rusiya “3+3” formatı ilə bağlı daha real bəyanatlar səsləndirməyə başladılar və ilk görüş 2021-ci ilin yanvarında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada baş tutdu. Sözügedən formatdan ilk imtina edən Gürcüstan oldu. Rusiyanın paytaxtında baş tutan görüşdə Gürcüstan bayrağı olsa da, gürcü nümayəndə iştirak etmədi. Daha sonra İran və Ermənistanın atdığı addımlar nəticəsində formatla bağlı inkişaf olmadı. Azərbaycan, Türkiyə, həm də Rusiya bu barədə dəfələrlə tərəflərə çağırış etdi. Ancaq İran əvvəl prosesə razılıq versə də, sonra dolayısı ilə maneçilik törətməyə başladı. Bütün bunlar bir daha İranın sabitqədəm sitasət yürütmədiyini şərtləndirir. İran düşünürdü ki, bu cür pressinqləri ilə Azərbaycanı tam olaraq özünə ram edə biləcək. Ancaq görür ki, Azərbaycan onsuz da öz meqalayihələrini reallaşdırır. Altılıq platforması özündə regional inteqrasiyanı və əməkdaşlığı ehtiva edir. Heç bir region dövləti bu platformadan kənarda qalmır. Söhbət Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın qurulmasından gedir. İlk dəfə belə bir ideya ilə Azərbaycan və Türkiyə prezidentləri çıxış ediblər. Yaxın vaxtlaradək İran rəsmilərindən altılıq platformasının əsas elementi sayılan Zəngəzur dəhlizinə qarşı ardıcıl bəyanatlar eşidilirdi.

Bu müddət ərzində beynəlxalq və regional vəziyyət əhəmiyyətli dəyişikliklərə məruz qaldı. Artıq Ermənistanın dəvətilə Aİ-nin yarımhərbi müşahidə missiyası regiona yerləşib və ABŞ kifayət qədər fəallıq nümayiş etdirir. Bütün bunlar İranın ürəyincə deyil. İran artıq görür ki, regional əməkdaşlığı yalnız Ermənistanın timsalında görmək böyük yanlışlıqdı. Eyni zamanda, region ölkələrinin birinin başının müharibəyə, digərinin isə zəlzələnin fəsadlarının aradan qaldırılmasına yönəldiyini görən İran fəallığını artımaqla özünə yaxşı mövqe tutmağa çalışır. İran əmindir ki, məsələləri yalnız region ölkələri həll etməlidir. Ekspertlər İranın təşəbbüsü ilə bağlı o qədər də optimist deyillər.

Tehran format ideyasını ilk alqışlayanlardan biri olub və Xarici İşlər Nazirliyinin rəhbərini əlavə müzakirələr üçün dərhal region ölkələrinə göndərməkdə maraqlı olduğunu təsdiqləyib. Türkiyənin Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda öz təsirini genişləndirmək planları Tehranda əsaslı qorxular yaradır.

İran tərəfi hesab edir ki, “3+3” formatı onun opponentlərinin – ABŞ və Qərbin regiondakı rolunu azaldacaq və əksinə, burada Moskvanın mövqeyini xeyli gücləndirəcək. Bu da onun üçün daha məqbul variantdır. Bütün bunlar onu deməyə əsas verir ki, İran hələlik bu format ətrafında özü üçün kəşfiyyat işləri aparır və hər an mövqeyini dəyişə bilər.

Editor

Related Posts