Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Dubai Unlocked: Əliyevlər, KOBİA sədri və həbsdəki zavod rəhbərinin Dubayda milyonluq mülkləri aşkarlanıb – Araşdırma

Dubai Unlocked: Əliyevlər, KOBİA sədri və həbsdəki zavod rəhbərinin Dubayda milyonluq mülkləri aşkarlanıb – Araşdırma

Müəlliflər: Kelly Bloss (OCCRP), Fatimə Kərimova (Mikroskop Media)

İllərdir ki, OCCRP, digər xarici və yerli medialar Azərbaycan məmurlarının milyonlarla dollar dəyərində olan saysız-hesabsız Dubay mülkləri haqqında araşdırmalar dərc edir. 

Birinci24.com xəbər verir ki, indi isə Mikroskop Media-nın da daxil olduğu “Dubai Unlocked” proyekti üzə çıxarıb ki, siyahıda azərbaycanlı başqa məmurlar və onların ailə üzvləri də var. 

Dubaydakı yüz minlərlə mülk barədə jurnalistlərə sızan məlumatlar 2020 və 2022-ci illəri əhatə edir. 

Bu məlumatları Vaşinqtonda yerləşən və beynəlxalq cinayət və münaqişələri araşdıran qeyri-kommersiya təşkilatı C4ADS (Center for Advanced Defence Studies) əldə edib. Daha sonra Norveçin E24, maliyyə mövzularına ixtisaslaşmış media qurumu ilə, eləcə də dünyanın müxtəlif ölkələrindən 70-dən çox media orqanı ilə əlaqəni quran Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat Layihəsi (OCCRP) ilə paylaşılıb.

Dubayda azərbaycanlılardan kim var?

Dubayda milyon dollarlıq mülklərə sahib olan azərbaycanlı məmurlardan biri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovdur. Məmmədov birinci xanım Mehriban Əliyevanın bibisi nəvəsi Nərminə Həsənova ilə evlidir və 2006-cı ildən müxtəlif dövlət qurumlarında vəzifələr tutub, 2018-ci ildə isə KOBİA-nın sədri vəzifəsinə təyin olunub.  

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən KOBİA 2018-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Məmmədov Dubayda Elite Residence və Mayfair Tower-də iki ədəd hər biri bir yataq otaqlı mənzilə sahiblənib, eyni zamanda “Al Thanyah Fourth”da 3 yataq otaqlı villa da alıb.  Ən azı 2022-ci ilə qədər o hər üç mülkün sahibi olub, amma sonradan Mayfair Tower-dəki mənzil satılıb və jurnalistlər həmin mənzilin sahibinin hazırda kim olduğunu müəyyənləşdirə bilməyib. 

Hazırda KOBİA sədrinin Dubayda 1 mənzil və bir villası var. Bu iki mülkün ümumi dəyəri 1 milyon 700 min dollardan çoxdur. 

Jurnalistlərin sorğusuna cavabında KOBİA rəhbəri bildirib ki, Azərbaycanda və ya başqa yerlərdə aldığı mülklər qanun çərçivəsindədir. 

Mən Azərbaycanda və ya başqa yerlərdə vergi rejiminə, valyuta qaydalarına və digər qanunlara əməl edirəm. Bütün maliyyə məsələlərində tam şəffaflığı dəstəkləməkdən məmnunam. Orxan Məmmədov

Dubayda mülk sahibi olan digər azərbaycanlı isə keçmiş Gənclər və İdman naziri Azad Rəhimovun həyat yoldaşı Zülfiyə Rəhimovadır. O, “Palm Jumeirah”da yerləşən “The Residences North” binasında bir penthauz və mənzilə sahiblənib. Zülfiyə Rəhimovanın adı bir neçə il bundan öncə OCCRP-in araşdırmasında çəkilib. Araşdırma ortaya çıxarmışdı ki, Rəhimovaya məxsuş şirkət (İtalDizain qrupuna daxil olan Serbaz) Balkan ölkələrindən olan işçilərin Azərbaycanda istismara məruz qalmasında əsas rol oynayıb.

Jurnalistlərin sorğusuna onun oğlu Arif Rəhimov cavab verib və deyib ki, bu iddialar əsassızdır, çünki İtaldizain şirkəti heç bir işçiyə qarşı əmək istismarı etməyib və yaxud insan alverində heç bir formada iştirakı olmayıb. 

“Bu iddialar əsassızdır və İtalDizain Group tərəfindən həyata keçirilən faktiki əməliyyatları əks etdirmir”, o deyib və OCCRP-nin mülklərlə bağlı tapıntısını “yanlış” adlandırıb. 

Jurnalistlər mülk sahibliyi ilə bağlı paylaşılan məlumatlar əsasında adı çəkilən şəxslərin hələ də bu mülklərin sahibi olub-olmadığını ayrı-ayrılıqda yoxlayıb. Məlum olub ki, sonradan Zülfiyə Rəhimova penthauzu satıb və ya başqa şəxsə köçürüb. Hazırda həmin mülkün sahibinin kim olduğu məlum deyil. 

Onun hələ də sahibi olduğu mənzilin qiyməti 2 milyon dollardan çoxdur. 

Həbsdə olan keçmiş zavod rəhbərinin Dubay mülkləri 

Dubayda mülk sahibi olan azərbaycanlılar siyahısında Baku Steel Company şirkətinin keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun da adı var. Jurnalistlər müəyyənləşdirib ki, onun Dubayda Jumeirah Business Centerdə 7 ofisi var və onların hamısı hazırda icarədədir. Bu ofislərin ümumi dəyəri 3 milyon dollardan çoxdur. 

Ofislərlə yanaşı Rasim Məmmədov 45 mərtəbəli yaşayış binası Concorde Tower-də 5 mənzilin sahibidir. Hazırda kirayə verilən bu mənzillərin hər biri 1 otaqlıdır və onların ümumi dəyəri 1,6 milyon dollardır. 

Jurnalistlərin bu mülklərlə bağlı Rasim Məmmədovun vəkilinə göndərdiyi sorğu cavabsız qalıb. 

Rasim Məmmədov niyə həbsdədir? 

2021-ci ilin yanvarında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan keçmiş zavod rəhbəri 185 milyon manat yeyintidə ittiham olunub. Ona qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı da daxil olmaqla Cinayət Məcəlləsinin 4 maddəsi ilə cinayət işi açılıb. 2022-ci ilin dekabrında Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib və Azərbaycandakı mülk və biznesləri dövlət nəfinə keçirilib. 2023-cü ilin iyununda Apelyasiya Məhkəməsi onun həbs müddətini 3 ay azaldıb.

Rasim Məmmədov məhkəmə çıxışlarında özünü təqsirli bilmədiyini və qondarma ittihamla saxlanıldığını deyib. 

Dubayın daimi sakinləri – Əliyevlər 

Dubayda villa sahibi olan rəsmi şəxslərlə bağlı araşdırmalarda əvvəllər ən çox adı çəkilənlər Əliyev ailəsinin üzvləri olub. Bu araşdırmada da ortaya çıxıb ki, 2022-ci ilə olan məlumata görə, Əliyevlər ailəsinin Dubayda 19 villa və 2 mənzili olub. Jurnalistlər bu məlumatları ayrı-ayrılıqda yoxlayıb. 

Leyla və Arzu Əliyeva ilə bağlılığı olan villaların rəsmi sahibi Əliyevlərə məxsus şirkətlərdir. Heydər Əliyevin villaları 2009-cu ildə alınıb. Jurnalistlərə sızan məlumatlarda ailənin digər üzvü, Mehriban Əliyevanın atası Arif Paşayevin də Dubayda villasının olduğu qeyd olunur. Jurnalistlər müəyyənləşdirib ki, həmin mülkün rəsmi sahibi Green Apple Investment FZE şirkətidir. Bu şirkətin arxasında kimin dayandığını müəyyənləşdirmək mümkün olmayıb. 

Leyla, Arzu və Heydər Əliyevlərin 21 mülkünün ümumi dəyəri 221 milyon dollardan çoxdur. Yəni təxmini 375 milyon manat. 

Jurnalistlərin bu mülklərlə bağlı Arzu, Leyla və Heydər Əliyevlərə göndərdiyi sorğu cavabsız qalıb. 

Editor

Related Posts