Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Məscid qalmaqalı: “Bu adam Allahın da işinə qarışır”

Məscid qalmaqalı: “Bu adam Allahın da işinə qarışır”

Bakı Heydər Əliyev adına Beynəlxalq Aeroportunun yaxınlığında yerləşən Xanım Fatimə-Zəhra məscidinin fəaliyyəti naməlum qurum və ya qurumlar tərəfindən dayandırılıb. Aeroportun beş yüz metr kənarında yerləşən bu məscid indi dağıntılar içərisindədir və içində nəinki ibadət etməyə, hətta azan verməyə belə icazə verilmir.

Bir müddət öncə yolum aeroport tərəfə düşdü. Məscidin qülləsi ağaclar arasından görsənsə də, axşam namazı vaxtının daxil olmasına baxmayaraq, məsciddən azan səsi yüksəlmirdi. Məscidə yaxınlaşdım, həyət qapısı açıq olsa da, içəridə heç kim yox idi, hətta işıqları belə yanmırdı. Qapı girişində daşlardan ibarət dağıntılar bu məscidin çoxdandır istifadə edilmədiyini göstərirdi. Buranı aydınladan isə kənardakı otel binalarından düşən gur işıqlar idi.

Məscidin üzərində rəhbərliyin əlaqə nömrələri qeyd edilmişdi, həmin nömrələrdən biri ilə əlaqə saxladım. Bildirildi ki, məscid beş ildən çoxdur ki, bağlıdır: “Bu məscid 1996-cı ildə inşa edilib, hətta o vaxt həm Dini qurumlardan, həm də elə aeroport rəhbərliyindən burda məscid açılması məsləhət görülmüşdü, yəni icazəmiz də var idi. AZAL rəhbərliyi məscid tikilməyi barədə bizdən xahiş etmişdi. Onda Ədalət müəllim idi, məscidin tikilməsinə razılıq verənlər arasında onun da imzası olub. Yəni bir sözlə, bütün aidiyyatı qurumlardan icazə alınmışdı. İndi beş ildən artıqdır ki, məscid işləmir. Bununla bağlı həm Qafqaz müsəlmanları idarəsinə, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məktub yazmışıq ki, bəs nə üçün icazə verilmir? Cavab gəlib ki, onlarlıq deyil, nə İdarənin, nə də Komitənin məscid açıb-bağlamaq səlahiyyəti var. Yəni göstərişi onlar verməyib. Maraqlısı da odur ki, məscidə gəlib möhür vuranlar Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları idi. Bizə nə bir sənəd təqdim etdilər, nə rəsmi məlumat verildi, heçnə. Hələ də bilmirik ki, məscidi niyə bağladılar”.

Məsciddən bir qədər aralıda otel yerləşir və bu oteldə xarici vətəndaşlar, turistlər qalır. Əvvəllər məscidə ibadət etməkçün gələn vətəndaşlardan biri deyir ki, məscidin bağlanmasına gətirilən bəhanələrdən biri buradakı qonaqların azan səsindən narahat olması, biri də təhlükəsizlik məsələsidir: “Otelləri görürsünüz? Hər birində xarici qonaqlar, turistlər, imkanlı şəxslər qalır, onlar narahat olmasın deyə həm azanı qadağan ediblər, həm də məsciddə ibadəti. Buranın bağlanmasında nə Qafqaz Müsəlmanları İdarəsinin, nə də Dini Qurumlar Komitəsinin tapşırığı var. Əminliklə deyirəm ki, bu məscidi bağlatdıran Cahangir Əsgərovdur. Çünki ondan əvvəlki rəhbərlik bu məscidin açılmasında elə özü maraqlı idi, çünki kənardan gələn o qədər xarici qonaqlar olurdu ki, ibadət etməyə yer tapa bilmirdilər. İndi məscidi bağlatdırıb, çünki özü azan səsindən ürkür, narahat olur, amma soruşanda, aeroportun təhlükəsizliyini, otellərdəki xarici qonaqların komfortunu bəhanə edirlər. Hamısı yalan söhbətdir, bu adam Allahın da işinə qarışır, məsciddə azanı susdurmaq nə deməkdir? Adını qoymuşuq ki, tolerant ölkəyik, insanlar öz ibadətlərini rahat, təhlükəsizliklə edə bilərlər. Bəs nə oldu? Riyakarlıq, ikiüzlülük nəyə lazımdır? Məscidi qapamaqdır tolerantlıq? Bir məmur ki, özbaşına, kefi istədiyi üçün məscid qapatdıra, insanların mənəvi ibadətlərinə burun soxa və aidiyyatı heç bir qurum qorxusundan buna müdaxilə etməyə, onda daha deyiləsi və ediləsi heçnə qalmayıb. Nə bilim, özbaşınalıqdır da, kim nə bilir, onu da edir”.

Xatırladaq ki, Bakı aeroprotunun yaxınlığında yerləşən Xanım Fatimə-Zəhra məscidi 1996-cı ildə tikilib və o vaxtdan fəaliyyət göstərirdi. Son beş ildə məscidin fəaliyyəti dayandırılıb və məscid indi getdikcə bərbad hala düşür. Bakının gözoxşayan dini-memarlıq abidələrindən biri olan bu tikili məlumatlara görə, “Azərbaycan Hava Yolları” QSC-nin rəhbəri Cahangir Əsgərovun tapşırığı ilə qapadılıb və heç bir rəsmi dövlət qurumu məsələyə müdaxilə edə, səbəb gətirə bilmir. Məscid isə baxımsızlıqdan yavaş-yavaş uçub tökülür.

Editor

Related Posts