Ailə müqəddəs, dəyərli olduğu kimi onun formalaşdırılması, inkişafı da böyük zəhmət tələb edir. Bəlkə elə buna görədir ki, günümüzdə ailə olmaq və ya ailə sərhədlərini qoruyub saxlamaq çox çətin olub.
Danılmaz həqiqətdir ki, ailə dəyərləri onun üzvlərindən qaynaqlanan, mövcud formaya düşmüş, zamanla bəzi yeniliklərin təsiri ilə formalaşan kiçik cəmiyyət və ya mikro dövlətdir. Şübhəsiz, bu dövlətin əsasını onun idarə yükü üzərinə düşən başçının bir çox nüsbətyönlü tərəfləri, qətiyyəti, iradəsi, dözümü, səbri və sair xüsusiyyətlərinə bağlıdır. Bu isə ağıla, rasional düşüncəyə əsaslanan bir idarəçilik tələb edir. Nə son dərəcədə güzəşt və sərbəstlik, nə də ciddi və sərt durum ailənin lazımi nəticə əldə etməsi üçün məqsədəuyğun deyil. Məntiq hər iki cəhətin ortaq nöqtəsini, vəziyyətin tələbi və qarşı tərəfin düşüncəsini diqqətə almağı diktə edir.
Müasir dünyanın yaratdığı ruhsuz ailə obrazının mövcudluğu da məhz sadalanan xüsusiyyətlərin nəzərə alınmamasından irəli gəlir. Son zamanlar qabardılan narkomaniya bəlasının ölkəmizdəki qorxunc statistik göstəriciləri də ailə dəyərlərində olan boşluğun təzahürlərindəndir. Hər gün dövri mətbuatda səslənən narkotacirlərin hər siması yüzlər, minlərcə alıcının real tablosudur. Əgər bir ay ərzində on narkotacir həbs olunursa, bu minlər, on minlərlə narkotik istifadəçisi deməkdir. Siz bu sayı aylara, illərə vursanız düşünülməsi belə qorxulu bir ölkənin dəhşətli həqiqətini üzə çıxarmış olacaq. Bunun isə başlıca səbəbi ailə dəyərlərinə qayıdır. Əminliklə söyləmək olar ki, bugünün pis vərdişlərinin böyük əksəriyyəti ailə dəyərlərində olan boşluq, lazımi diqqət və ya bu kimi ailədaxili çatışmazlıqlar səbəbindəndir. Bəzən valideynin ailə münasibətlərində düzgün mövqe müəyyən edə bilməməsi onu bir ömür vicdan əzabı ilə övlad itkisinin məngənəsində sıxır. Ata və ananın məsləhət və diqqəti əsasında formalaşan münasibətlər, sonrakı nəslin istiqamətləndirici amili olmaqla yanaşı, ailənin saf və təmiz genini gələcək nəsillərə ötürəcək sağlam bir cəmiyyətin əsasını qoyur. Maraqlı məqam isə bu dəyərlərin qorunmasına elə valideynlərin bugün və sabahı rakursundan əhəmiyyət verməsidir. Təsəvvür edək ki, cəmiyyətimizdə ən çətin yaş dövrü yetkinlik yaşıdır. Əksər problemlərin, insanın özünə belə tanış olmayan daxili hisslərin oyanması məhz bu dövrə düşür.
Bu yeni, qarışıq aləmdə çaşqın qalan yeniyetmə gənc bunların idarə olunmasında çətinlik çəkir. İndi ona çox dəyərli bir dəstəkçi, yardımçı lazımdır. Uşaq yaşlarında yanında olan və onun üçün bütün qüdrət sahibi görünən atanın bu işdə yardımçı olması çox da ümidli görünmür. Onun indi dosta, onu daha yaxşı başa düşüb fikir bölüşən yoldaşa ehtiyacı var. Bu çox zaman ata ola bilmir. Çünkü ata yalnız qətiyyətli, ciddi və tələbləri ilə çıxış edən ailə başçısıdır. O isə fikirlərini bölüşən, dəstək və məsləhət verən birini arzulayır. Ailə məhz belə bir yerdə ailə olmağı bacarmalıdır. Ata indi əynindən atalıq libasını soyunub dostluq əlbisəsini geyinməlidir. O, övladına dost olmalı, onu başa düşməli, dəstək verməli, özünəinam və özünəgüvənini möhkəmləndirməlidir. Yetkin gəncin ən çox inandığı dostu atası olarsa, ata bununla da onun addımlarına nəzarət, yardımçı və dəstəkçi olaraq övladını pis vərdişlərdən, yaşın uçurumundan qorumuş olacaq. Əlbəttə bu, hələ hamısı deyil. Bir müddət sonra yeniyetmə gənc dostluq mərhələsini adlayıb, artıq dostluqdan daha yaxın bir duyğunun əhəmiyyətini anlayan yaş dövrünə qədəm qoyacaq. Gənclik yaşları ona dostdan daha yaxın, dostluğun zirvəsi olan qardaşlıq-sirdaşlıq tələbini içində alovlandıracaq. Bu yaşlarda dostların xəyanəti, yalan, tamahkarlıq və sair eybəcərliklər ona daha yaxın, dostluğun nöqtəsi olan qardaşlığı diktə edir. Bu mərhələdə ata dostluq əlbisəsini soyunur və qardaşlıq-sirdaşlıq köynəyini əyninə geyir. İndi o, oğlunun dostu yox, qardaşıdır. Bu qardaşlıq illərə söykənən qırılmaz inam və sevginin nəticəsi olaraq övlad üçün əhəmiyyətli olduğu kimi, atanın övladına yaxınlığı, onun hər hansı bir uçuruma yaxın getməsinə belə yol verməyən inamlı zəhmətinin təzahürüdür. İndi onlar qardaşdırlar. Bölüşməsi mümkün olan hər şeyi bölüşdükləri kimi, gələcəyin təminatı olan növbəti ailənin qurulmasında birlik və bərabərlik göstərirlər.
Təbii, bundan sonrakı mərhələdə ata artıq qocalıq illərini yaşayacaq, gənc isə orta yaş dövründə özü idarəçilik sükanı əlində olan ata olacaq. Sonuncu mərhələdə ata ömrünün meyvəsini övladının övladı olaraq yaşayır. Bu zaman o, qardaşlıq köynəyini soyunur və övladlıq ləbbadəsini əyninə geyinir. Ata, bir zaman dünyaya gələn övladına ata, yeniyetməliyində dost, gəncliyində qardaş olduğu kimi, qocalığında da oğlunun övladı olur. Elə bir övlad ki, ata olduğu zaman onu sevib əzizləmiş, yeniyetmə olduğu zaman ona dost olub başa düşərək doğru yola istiqamətləndirmiş, gənclik yaşlarında qardaş olaraq inkişafına dəstək vermə kimi missiyanı uğurla icra etmişdir. Bu, sonluqdur. İndi o, bu qayğılardan uzaq övladının sevgisində özü bir övladdır. Bir vaxtlar ağrıyan zaman qayğı göstərdiyi övladı indi onun ağrılarının qayğıgöstərənidir. Bu, ailənin sağlam model və arzulanan nəticəsinin təminatçısı olan düzgün münasibətlərin gəldiyi nəticədir. Ailənin bir cəmiyyət olmazdan öncə, ailə olaraq düzgün tərbiyələnməsi sağlam bir cəmiyyətin təməlinə bəxş olunan misilsiz bir nemətdir.
Əbülfəz Bunyadov