Yanvarın 15-də Gürcüstanda bütün ölkə üzrə “Gürcüstan tətil edir” aksiyası keçirilib.
Bir çox şirkət və təşkilatlar, işəgötürənlər və işçilər saat 15:00-dan 18:00-a kimi fəaliyyətlərini dayandırıblar.
Aksiya “Gürcü Arzusu”nun yürütdüyü siyasət nəticəsində ölkənin təcrid olunmuş vəziyyətinə və qarşıda dövləti gözləyən problemlərə diqqət çəkmək məqsədilə keçirilib.
Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini və tutulanların azad olunmasını tələb ediblər.
Tbilisidəki Metexi körpüsündə üzərində “Gürcüstan tətildədir” yazısı olan pankart asılıb.
Oxşar plakatlar və bannerlər ölkənin hər yerində olub.
Dünənki aksiyaya Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili də qatılıb.
“Bu tətil cəmiyyətin qorxmadığının, qərarlı olduğunun, nə istəyib nəyi istəmədiyini bildiyinin göstəricisi olmalıdır. Gürcüstan tamamilə Rusiya rejiminə çevrilməyə razı olmayacaq. Gürcüstan buna qarşı sülh yolu ilə mübarizə aparır” – Zurabişvili aksiyadakı çıxışı zamanı belə deyib.
“Mən bu gün tətildə iştirak edən insanları dəstəkləyirəm. Bu, Gürcüstan siyasətində yenilik olsa da, dünya siyasətində yenilik deyil. Bu, etirazın dinc formasıdır” deyə, o əlavə edib.
Tbilisidə naməlum şəxslər tətil edən vətəndaşlara hücum ediblər.
Bununla bağlı videolar sosial şəbəkələrdə yayılıb.