Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Maliyyə Tədris Mərkəzində mühasiblər üçün növbəti təlim keçirilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında əməliyyatların maliyyə bərabərliyində qeydiyyatı və vergi uçotu” mövzusunda iki günlük təkmilləşdirici təlim keçirilib.

Təlimdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi və digər büdcə təşkilatlarından 18 mühasibat işçisi iştirak edib.

Təlimin keçirilməsinin zəruriliyi və mahiyyəti barədə danışan Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova qeyd edib ki, məqsəd mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsidir.

Təlimin ilk günü “Əməliyyatların maliyyə bərabərliyində qeydiyyatının nəzəri əsasları” mövzusu ətrafında təqdimat olub. Təqdimat zamanı əməliyyatın mahiyyəti və təsnifatı, əməliyyatların maliyyə bərabərliyinə təsiri qaydaları, aktivlərin artması, azalması və yerdəyişməsi əməliyyatlarının qeydiyyatı, passivlərin yerdəyişməsi, həmçinin əməliyyatların maliyyə bərabərliyinə təsiri və digər nəzəri məsələlər izah edilib, müzakirələr aparılıb.

Növbəti gün “Büdcə təşkilatlarının təqdim etməli olduğu vergi bəyannamələrinin hazırlanması” modulu ətrafında mobil bankçılıqla köçürmələrin yaradılması, əmək haqqının ödənilməsi, təşkilatların muzdlu ödəmə mənbəyindən tutulan vergi və sosial sığorta haqlarına edilən güzəştlər, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənişlərin vergiyə cəlb olunması haqqında geniş məlumat verilib, müvafiq praktiki tapşırıqlar yerinə yetirilib.

Təlimin sonunda tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

admin

Related Posts