Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Babəkdə 11 məktəb yüksək nəticələrə görə mükafatlandırılıb

2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Babək rayonunun təhsil müəssisələrinin məzunlarından 330-u tələbə adını qazanıb. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildiriblər ki, Babək rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə göstərmələrinə öz müsbət təsirini göstərib. 2021-2022-ci tədris ili üzrə də Babək rayon ümumtəhsil məktəblərinin məzunlarının 96 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Onlardan 330-u tələbə adını qazanıb, 49-u 500-700 arası nəticə göstərib. 2 məzun qızıl nişana, 7 məzun isə fərqlənmə attestatına layiq görülüb. 14 şagird ötən tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olub.

Qeyd olunub ki, Babək rayonunda fəaliyyət göstərən məktəblərdən 11-i qəbul nəticələrinə görə muxtar respublika üzrə orta göstəricidən yüksək nəticə əldə edib. Zeynəddin kənd tam orta məktəbinin məzunu Fuad Məmiyev muxtar respublikada IV ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən məzun olmaqla Prezident təqaüdünə layiq görülüb.

Çıxış edənlər qazandıqları uğurlu nəticəyə görə, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə təşəkkürlərini bildiriblər.

Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov çıxış edərək ötən tədris ilinin nəticələri və 2022-2023-cü tədris ilində qarşıda duran vəzifələrdən danışıb, göstərilən qayğıya görə minnətdarlığını bildirib.

Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Babək şəhər 2 nömrəli, Cəhri qəsəbə 1 nömrəli, Çeşməbasar, Nəhəcir, Göynük, Yuxarı Buzqov, Kültəpə, Naxışnərgiz, Xəlilli, Məmmədrza Dizə, Kərimbəyli və Zeynəddin kənd tam orta məktəblərinə diplomlar təqdim edilib.

admin

Related Posts