Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksəksəviyyəli Rusiya-ABŞ nümayəndələrinin danışıqları olub. Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan bəri ilk belə görüşdür.
Danışıqların 4 saat yarım davam etdiyi bildirilir.
Rusiya nümayəndə heyətinin üzvü Yuri Uşakov danışıqların pis getmədiyini, tərəflərin bütün məsələlərlə bağlı “ciddi” söhbət apardıqlarını deyib.
Uşakovun sözlərinə görə, Ukrayna ilə bağlı məsələləri müzakirə etməyə başlayacaq danışıqlar qrupları yaradılacaq. Heyət üzvünün qeyd etməsinə görə, iki ölkə prezidentləri arasında görüşə hazırlıq da müzakirə olunub, lakin onun gələn həftə baş tutması ehtimalı azdır.
Uşakov həmçinin vurğulayıb ki, ABŞ və Rusiyanın yaxınlaşdığını söyləmək, hələlik, çətindir, lakin “bu barədə söhbət olub”.
Nümayəndə heyətlərinə xarici siyasət idarələrinin rəhbərləri – ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq ediblər.
Amerika nümayəndə heyətinə həmçinin milli təhlükəsizlik üzrə müşavir Maykl Uolts və prezidentin xüsusi elçisi Stiven Uitkoff daxil idi.
Rusiya nümayəndə heyətində prezident Vladimir Putinin köməkçisi Yuri Uşakovla yanaşı Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev də var idi.
Danışıqlar masasında Səudiyyə Ərəbistanını xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və milli təhlükəsizlik müşaviri Musaid bin Məhəmməd əl-Ayban təmsil edib.