Rusiyada hərbi təhsil alan azərbaycanlı kursant Elvin Quluzadənin xəstəlikdən vəfat etdiyi bildirilir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, kursant qan xərçəngindən əziyyət çəkirmiş.
“Rusiyada hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin mayında Omskda yerləşən Hərbi Klinik Hospitalda müalicə olunmuş kursant Elvin Eldəniz oğlu Quluzadə həmin ilin iyulunda müalicəsini Türkiyədə, Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında davam etdirib. Həkimlərin səyinə baxmayaraq, Elvin Quluzadə 2025-ci il fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.
Faktla bağlı araşdırma aparıldığı bildirilir.
Fevralın 25-də Azərbaycan ordusunun daha bir əsgəri vəfat edib. Onun ölüm səbəbi bəlli deyil.
2 gün öncə, fevralın 24-də daha bir əsgər vəfat etmişdi.
Müdafiə Nazirliyindən bildirilirdi ki, Maqbet Xətai oğlu Məcidova vaskulit (damar divarının iltihabı-red.) diaqnozu qoyulub və o, bu xəstəlikdən həyatını itirib.