Cümə günü Missuri ştatının şərq dairəsindəki federal məhkəmə Çin hökumətini pandemiyanın başlanğıcında koronavirusun yayılması ilə bağlı məlumatı gizlətməkdə təqsirli bilib və Çin hökumətinə təxminən 24 milyard dollar ödəməyi əmr edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, bu iş üzrə iddia Missuri Baş Prokurorluğu tərəfindən 2020-ci ilin aprel ayında məhkəməyə verilib. Missuri rəsmiləri Çini koronavirusun mövcud olması və onun yayılması ilə bağlı məlumatları gizlətməkdə ittiham edib.
Hakim Stiven Limbo qərarında Çinin “COVID-19 pandemiyasının təhlükələri və əhatə dairəsi haqqında dünyanı çaşdırdığını” və fərdi qoruyucu vasitələrin istehsalında inhisara səbəb olan fəaliyyətlərdə iştirak etdiyini bildirib.
Missuri məhkəməsinin qərarı Çin Kommunist Partiyasına, Çindəki yerli hökumətlərə və Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinə şamil edilir.
Missuri Baş Prokurorluğu iddia əsasında cəriməni ödəmək üçün Çinin aktivlərini müsadirə etmək niyyətindədir.
Qeyd edək ki, Çin nümayəndələri məhkəmədə iştirak etməyiblər.
Xatırladaq ki, 2020-ci ilin yazında, ittiham irəli sürdükdən sonra, Çin Xarici İşlər Nazirliyi bu iddianı məhkəmə prosesinə istehza kimi qiymətləndirdi.