Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

USAID proqramlarının 83%-i ləğv olunub

USAID proqramlarının 83%-i ləğv olunub

ABŞ hökuməti Beynəlxalq İnkişaf Agentliyinə (USAID) aid olan proqramların 83%-ni tamamilə dayandırıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Dövlət katibi Marko Rubio martın 10-da X səhifəsində məlumat verib.

Rubio bildirib ki, bura on milyardlarla dollar xərclənən 5200 qrant müqaviləsi daxildir. “[Bu qrantlar] ABŞ-ın özək milli maraqlarına nəinki xidmət etməyib, bəzi hallarda hətta zərər verib”, – deyə o yazıb.

Dövlət katibi əlavə edib ki, yerdə qalan sayca təxminən 1000 proqramı “daha effektiv şəkildə”, birbaşa Dövlət Departamentinin nəzarətində davam etdirmək üçün Konqreslə məsləhətləşmələr aparırlar.

Bu proqramların hansı növ xarici yardımları əhatə etdiyi açıqlanmayıb.

Rubio əldə olunan nəticəni “vaxtı keçmiş tarixi islahat” adlandırıb. O, Dövlət Departamenti işçilərindən əlavə, İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinə də təşəkkür edib.

ABŞ Prezidenti Donald Tramp vəzifəsinə başladığı gün imzaladığı əmrlərdən biri xarici yardımın 90 günlük baxış müddəti olmaqla dayandırılması olub. Bu baxış müddəti ərzində Dövlət Departamenti xarici yardım proqramlarını nəzərdən keçirir və onların tamamilə dayandırılması və ya davam etdirilməsinə qərar verir.

ABŞ-ın xarici yardımları əsasən 1961-ci ildə Prezident Con Kennedi tərəfindən yaradılan USAID tərəfindən həyata keçirilib. Tramp daha əvvəl sosial şəbəkə hesabında USAID xərclərini “izaholunmaz” adlandırıb və onun bağlanmasına çağırıb. İlon Mask isə USAID-i “cinayət təşkilatı” adlandırıb.

Bundan sonra USAID-in dünya üzrə 10,000-dən çox olan heyət sayı 300-ə qədər azaldılıb və ölkə xaricində olan işçilər məzuniyyətə buraxılıb.

Editor

Related Posts