Today Çərşənbə, 12th Mart 2025
Birinci 24

Birinci 24

Moskvaya dron hücumundan ölən və yaralananlar var

Moskvaya dron hücumundan ölən və yaralananlar var

Martın 11-də Moskva və Moskva vilayətinə dron hücumları baş tutub. 

Birinci24 informasiya agentliyinin xəbərinə görə, vilayətin qubernatoru Andrey Vorobyov deyib ki, hadisə nəticəsində bir nəfər ölüb və üç nəfər yaralanıb. 

Rusiya müdafiə nazirliyi bəyanatında bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus olan və 90-dan çoxu Moskva vilayətini hədəfə alan 337 dronu zərərsizləşdirib. Əlavə olunub ki, digər dronlar Kursk, Bryansk, Ryazan, Belqorod və başqa vilayətlər üzərində vurulub. 

Moskva şəhərinin meri Sergey Sobyanin “Telegram”-da hücumun Moskvaya qarşı edilmiş ən böyük dron hücumu olduğunu deyib. 

Hadisə nəticəsində yaşayış binaları dron qalıqlarından zərər görüb. Moskva və ətrafındakı hava limanları təhlükəsizlik səbəbilə uçuşları dayandırıb və yolu Moskvaya olan təyyarələr trayektoriyalarını dəyişməli olublar. Bu səbəbdən AZAL-ın Bakı-Moskva reyslərində də gecikmələr yaranıb. 

Xəbərin yazılma anında Ukrayna tərəfi hadisəyə reaksiya verməyib. 

Moskvaya hücum ABŞ və Ukrayna diplomatları arasında bu gün Səudiyyə Ərəbistanında keçiriləcək görüş ərəfəsinə təsadüf edir. 

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Dövlət katibi Marko Rubionun da iştirak edəcəyi görüşdə Ukrayna-Rusiya müharibəsinin və ABŞ-ın Ukraynaya hərbi yardımının müzakirə ediləcəyi gözlənilir. 

Rusiya bundan əvvəl də Ukrayna pilotsuz təyyarələrinin Moskvaya hücum etdiyini bildirib. Ötən ilin noyabrında baş verən hücumda Rusiya tərəfi bir qadının yaralanması, hava məkanının müvəqqəti bağlanması və iki evin alovlanmasına səbəb olan 34 Ukrayna dronunu vurduğunu bildirmişdi. 

Ötən ilin sentyabrında isə Rusiya ən azı bir nəfərin ölümünə və paytaxtda hava limanının bağlanmasına səbəb olan hücumda Moskva yaxınlığında azı 20 Ukrayna pilotsuz təyyarəsini məhv etdiyini bildirmişdi. 

Editor

Related Posts