ABŞ Konqresinin Azərbaycana təyyarə motoru hissələrinin satışını qadağan edəcək qanun layihəsini oxunuşa çıxaracağı bildirilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Ələkbər Raufoğlu “X” səhifəsində adını çəkmədiyi mənbələrə əsasən məlumat verib.
Jurnalist bildirib ki, “Azərbaycan Təyyarə Mühərrikinin İxracına Məhdudiyyətlər Aktı” adlanacaq qanun layihəsi həm Respublikaçı, həm Demokrat olan qanunvericilər tərəfindən hazırlanıb. Akt Azərbaycan hakimiyyətindən iqtisadçı Qubad İbadoğlunun azad edilməsini tələb edir.
Qanun qəbul ediləcəyi təqdirdə ABŞ Dövlət katibi Marko Rubio Konqresin aiddiyatı komitələrinə İbadoğlunun saxlanılma statusu və onun azad edilməsi üçün ABŞ-ın diplomatik səyləri barədə hesabat təqdim etməlidir. Hesabat, həmçinin, Azərbaycanın üçüncü tərəflərin köməyi ilə qadağadan yan keçmək cəhdlərini əks etdirməlidir.
Ə. Raufoğlu əlavə edib ki, Azərbaycana GE90-110B1L və ya GE90-115B mühərrik hissələrinin ixracına yardım edəcək “xarici şirkət, maliyyə institutu və ya hökumət” sanksiyalara məruz qalacaq.
O cümlədən, qanunun pozuntusunda iştirak edəcək tərəfin ABŞ-dakı maliyyə əməliyyatları bloklanacaq və imtiyazları ləğv olunacaq.
2023-cü ilin iyulunda həbs olunan Qubad İbadoğlunun həbsi beynəlxalq çağırışlardan sonra ötən ilin aprelin 22-də ev dustaqlığı tədbiri ilə əvəz edilib.
20224-cü il, mayın 21-də isə onun ev dustaqlığı polis nəzarətinə verilmə qərarı ilə əvəz olunub və iyulun 29-da onun ittiham olunduğu cinayət işi ilə bağlı istintaq qeyri-müəyyən müddətə dayandırılıb. Hazırda onun ölkədən çıxışına qadağa var.
Marko Rubio senator kimi Qubad İbadoğlunun azad olunmasına çağırıb. O, sonuncu dəfə ötən ilin martında X səhifəsində İbadoğlunun “yeganə cinayətinin daha firavan və demokratik bir millət üçün çalışmaq” olduğunu yazmışdı.