
Naxçıvan şəhərindəki “Əyləncə adası” İstirahət Mərkəzində Türkiyənin Cümhuriyyət bayramı münasibəti ilə konsert proqramı təqdim edilib.
Konsert proqramı başlanmazdan əvvəl iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mehmet Emin Kiraz, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icrası direktoru Cəbi Quliyev və Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov Türkiyə dövlətinin Cümhuriyyət bayramının 99 illiyi münasibəti ilə təbriklərini dilə gətirib, bu tarixi bütün türk dünyasının bayramı kimi qiymətləndiriblər.
Sonra türkiyəli sənət adamlarının ifasında konsert proqramı təqdim edilib.
İqdır Milli Təhsil Fondu Anadolu Liseyinin müəllim və tələbələrinin “Qardaşlıq sərhəd tanımır” layihəsi əsasında hazırladıqları musiqi və şeir nümunələri izləyicilər tərəfindən maraqla qarşılanıb.
“4 tip” musiqi qrupunun özünəməxsus ifası Naxçıvanda təşkil olunan bu özəl günə daha da rəng qatıb. “Əyləncə adası”na gələn qonaqlar qardaş ölkənin Cümhuriyyət bayramını böyük coşğu ilə qeyd ediblər.