Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bir tərəfdən müharibədəki xidmətlərimə görə mükafatlandırırlar, o biri tərəfdən narkotiklə şərləyirlər”

“Bir tərəfdən müharibədəki xidmətlərimə görə mükafatlandırırlar, o biri tərəfdən narkotiklə şərləyirlər”

Yevlax sakini Samir Məmmədov deyir ki, bir tərəfdən onu 44 günlük müharibədəki xidmətlərinə görə mükafatlandırırlar, digər tərəfdən isə dini inancına görə narkotiklə şərləyib həbs eləyirlər.

Birinci24.com xəbər verir ki, 37 yaşlı Samir Məmmədov ilyarımdır ki, həbsdədir. Onu 2023-cü il fevralın 1-də Yevlaxda qızının təhsil aldığı məktəbin yaxınlığında saxlayıblar:

“Həmin gün uşaq xəstə idi, məktəbə getməmişdi. O gün də məktəbdə kitab paylanırdı. Getmişdim ki, sinif rəhbərindən kitabları götürüm…”.

Samir Məmmədov 10, 7 və 1 yaşlarında olan üç azyaşlı uşaq atasıdır. O, məhkəməsində deyib ki, günorta saat 12 radələrində maşınıyla məktəbə gedəndə heç bir qayda pozmadığı halda, yol polisi onu saxlayıb, ödənilməmiş cəriməsi olduğunu deyib:

“Dedim ki, mənim cəriməm yoxdur. Guya araşdırma apardı, məni təxminən 15 dəqiqə yubatdı. Sonra dedi ki, yəqin anlaşılmazlıq olub. Onun yanından ayrılandan az sonra əməliyyatçı Vüqar Mənəfov qarşıma çıxdı, dərhal telefonumu çəkib aldı. Dörd nəfər idilər. Etiraz elədim. Mənə dedi ki, şöbəyə gedəcəyik. Soruşdum ki, niyə? Cavab verdi ki, orada bilərsən”.

“Dedi ki, yazılmayan qanunlar var, getməlisən”

Samir Məmmədov deyib ki, onu Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Elsevər Tağıyevin kabinetinə aparıblar. Otağa daxil olanda rəis müavini ona şillə vurub: “Arxaya çəkildim, etiraz elədim. Dedim ki, “ailə başçısıyam, bu, nə hərəkətdir? Nə sözünüz varsa, deyin”. Məndən soruşdu ki, “sən dindarsan?” Dedim ki, bəli. Qayıtdı ki, elə buna görə də həbs olunmalısan”.
Onun sözlərinə görə, az sonra əməliyyatçı Vüqar Mənəfov gətirib ona bir büküm verib. Deyib ki, bunu üzərinə götürməlidir, əks halda, vəziyyəti daha da pis olacaq:

“Qayıtdı ki, yazılmayan qanunlar var, getməlisən. Yoxsa gedib evindən də, maşınından da daha çoxunu çıxararıq. Elə o vaxtdan başa düşdüm ki, neyləsəm də, xeyri yoxdur. Dövlətin binasında oturub, yüksək vəzifəli şəxslər vətəndaşa yazılmayan qanunlardan danışırsa, neyləyə bilərdim? Evdə xəstə valideynlərimi, azyaşlı uşaqlarını nəzərə alıb, razılaşdım”.
Nazirin “Fəxri Fərman”ı…

Samir Məmmədov vurğulayıb ki, narkotiki ilk dəfə polis şöbəsində ona veriləndə görüb. O, dini inanclı olduğunu məhkəmədə də təsdiqləyib. Deyib ki, indiyədək vicdan, ləyaqət və əxlaq kimi dəyərlər əsasında yaşayıb. O, 2020-ci ildə 44 günlük müharibə dövründəki fəaliyyətindən də danışıb. Bildirib ki, Yevlaxda şəhidlərin yuyulmasında könüllü iştirak edib, buna görə mükafatlandırılıb.

Müdafiə naziri Zakir Həsənovun ona verdiyi “Fəxri Fərman”da yazılıb ki, Samir Məmmədov Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirib, Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə görə təltif olunub.

Hərbi hissə komandiri Hikmət Həsənov da ona “Fəxri Fərman” verib. Orada göstərilib ki, Vətən Müharibəsində könüllü iştirak edərək, fədakarlıq göstərdiyinə və döyüş əməliyyatlarının gedişi zamanı şəhid cənazələrinin hazırlanması, ünvanlara yola salınması tədbirlərini yüksək səviyyədə təşkil etdiyinə görə mükafatlandırılır.

Samir Məmmədovun işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb və 6 il azadlıqdan məhrum edilib. Onun bu hökmdən verdiyi apelyasiya şikayətinə bugünlərdə Şəki Apelyasiya Məhkəməsində baxılıb. İnanclı fəal özünü təqsirli bilməyib, bəraət istəsə də, apelyasiya məhkəməsi yalnız cəzasını azaldaraq, 4 ilə endirib.

Son il yarım ərzində Azərbaycanda yüzlərlə dini inanclı narkotik ittihamıyla həbs edilib. Onlar bu ittihamı rədd edir, şərlənərək həbs olunduqlarını bildirirlər.

Onların bir çoxunun məhkəməsini monitorinq edən “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı da narkotik ittihamının əsassız olduğu qənaətinə gəlib.

Daxili İşlər Nazirliyi isə bu fikirləri qəbul etmir. Nazirliyin mətbuat xidməti həbs olunanların konkret faktlar əsasında saxlandığını bəyan edib.

Editor

Related Posts