Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

ABŞ-la Azərbaycan arasında “soyuq savaş”: deputatlar sanksiya təklif edirlər

ABŞ-la Azərbaycan arasında “soyuq savaş”: deputatlar sanksiya təklif edirlər

VII çağırış Milli Məclisinin 43 deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib.

Deputatlar xarici işlər nazirinə ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün oktyabrın 3-də dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət yada salaraq Vaşinqtonla münasibətlərin yenidən nəzərdən keçirilməsini istəyiblər.

Deputatlar təəssüflənir ki, bir sıra dairələr Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər:

ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir. Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində vurğuladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar”.

“Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir”, – deyə məktub müəllifləri əlavə edib.

Milli Məclis, Foto: By aquatarkus/Shutterstock
Milli Məclis

Milli Məclis üzvləri qeyd ediblər ki, Minsk Qrupunun həmsədri olan ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib, Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışıb:

“ABŞ-nin gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılıb, təhqir edilib, bütöv şəhərlər və kəndlər yer üzündən silinib. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməyib. 2020-ci il Vətən müharibəsindən sonra başlanan və ötən ildən intensivləşən bu hücumlar ABŞ-nin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul etməməsindən, Azərbaycan xalqına qarşı dini və etnik ayrı-seçkilik göstərməsindən və regionda yenidən münaqişə yaratmaq niyyətindən irəli gəlir. Saxta ittihamlarla dünyanın müxtəlif ölkələrini işğal etmiş ABŞ nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz” kimi dəyərləndirir? Daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətdən danışmayıblar“.

Onlar ABŞ-nin Azərbaycan cəmiyyətində onsuz da dibə enən nüfuzunu daha da itirdikləri qənaətindədirlər.

Məktubun sonunda depulatlar nazir Ceyhun Bayramova təkliflərini qeyd ediblər:

Ceyhun Bayramov

“Azərbaycan və ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsi; Yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılması; ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması“.

Oktyabrın 3-də ABŞ-nin 60-dək konqresmeni Dövlət katibi Entoni Blinkenə müraciət etmişdi.

Onlar ABŞ-ni gələn ay Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqlarının müdafiəsi və bütün siyasi məhbusların azad edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırıblar.

Bildirilirdi ki, 10-u senator, 48-i Nümayəndələr Palatası üzvü olmaqla qrup Blinkendən Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsi məqsədilə tədbirlər görməyi, həmçinin Ermənistana qarşı təxribat xarakterli bəyanatların verilməsinin dayandırılmasını istəyiblər.

Bir gün sonra, oktyabrın 4-də Cəbrayıl rayonunda olan Azərbaycanın dövlət başçısı İlham Əliyev ABŞ Konqresinin 60 konqresmeninin Dövlət Departamentinə müraciətinə reaksiya verdi. İlham Əliyev bu çağırışı Azərbaycana qarşı düşmənçilik adlandırmışdı:

Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.

Azərbaycanla ABŞ münasibətlərində bu cür oxşar hadisələr ilk deyil. İllər əvvəl də deputat Rəfael Cəbrayılov ABŞ-a qarşı sanksiya layihəsi hazırlayaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim etmişdi. Lakin sonradan bu addımın ardı gəlmədi. R.Cəbrayılov isə 2021-ci ilin aprelində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək həbs olundu.

Sabiq deputatın həmin ilin sentyabrında koronovurusdan həyatını itirdiyi bildirilirdi.

Siyasi şərhçi Rauf Mirqədirov deyib ki, deputatların təklif etdiyi sahələrdə Vaşinqtonla Bakı arasında əməkdaşlıq yoxdur:

Bu mənada deputatların hansı əməkdaşlığı dayandırmağı təklif etmələri anlaşılmazdır. Əvvəla, USAİD “AbzasMedia” ilə bağlı həbslərdən sonra Azərbaycandakı bütün layihələrini dayandırıb, hətta tədris mahiyyətli olan layihələri də maliyyələşdirmir. Hərbi əməkdaşlığa gəldikdə ABŞ-nin 2024-cü ilin büdcəsində hərbi əməkdaşlıq nəzərdə tutulmayıb. Bu mənada nəyin dayandırılmasını bəyan etmələri başa düşülmür. Prezidentin qeyd etdiyi Əfqanıstana yük daşımalardan isə hakim ailənin şirkətləri kifayət qədər qazanırdılar. Məsələn, “Silkway” şirkəti. Yəni bu əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanırdı”.

Siyasi şərhçinin fikrincə, Azərbaycan deputatları da ABŞ konqresmenlərinin atdığı addımı təkrarlayıblar, hər iki tərəf xarici işlər nazirinə müraciət edib:

Rauf Mirqədirov
Rauf Mirqədirov

Ümumiyyətlə, ABŞ-da vaxtaşırı fərdi sanksiyalar gündəmə gəlir, o cümlədən, İlham Əliyevə qarşı da. Bu müraciət də birinci deyil. 2015-ci ilin sonunda mənim Ağır Cinayətlər Məhkəməsində həbsim üzrə proses gedirdi. O vaxtlar ABŞ da daxil olmaqla, beynəlxalq təşkilatlarla hakimiyyət arasında danışıqlar aparılırdı, həbsdə siyasi fəalların sayı da az deyildi. Bilirdim ki, mənim və 15 nəfərin azadlığa buraxılmağım barədə razılıq əldə olunub. Məhkəməni də elə vaxta samışdılar ki, məhz yeni il günü azad etsinlər. Azərbaycanda da məhbusları yalnız bayramlarda azad edirlər, guya adi gündə buraxılsalar, özlərini pis hiss edərlər. Həmin vaxt ABŞ Helsinki Komissiyasında Azərbaycan Prezidentinə qarşı fərdi sanksiyalar müzakirə olunması Bakıda qıcıq doğurduğundan dedilər ki, 3 ay da qalsın, Novruz bayramında buraxarlar. Nəhayət, Novruz bayramında bizi azad etdilər. Yəni ABŞ konqresmenlərinin günahı ucbatından 3 ay çox həbsdə qaldım. Ona görə hazırda Əliyev də daxil hansısa məmurlara qarşı fərdi sanksiyaların tətbiq ediləcəyinə inanmıram“.

Mirqədirovun sözlərinə görə, Azərbaycanın Qərb ölkələri ilə münasibətləri heç də yaxşı deyil:

Bildiyim qədər dövlət qulluqçularına, hökumətin nəzarətində olan KİV-lərə Qərb dövlətlərinin təşkil etdikləri mərasimlərə qatılmamaq göstərişi də verilib. Ona görə də Bakının Vaşinqtonla münasibətlərindəki durğunluq mövcuddur. Hələlik Qərb Azərbaycan hökuməti ilə dialoq rejimində olmağa çalışdığından insan hüquqları ön planda deyil. Çünki bir sıra planlar Qərbi Bakı ilə dialoq rejimində qalmağa məcbur edir. Əslində, hakimiyyətin bugünkü hay-küyü sanksiyaların gündəmə gətirilməsidir. İkincisi də, Blinkeni sərt tənqid də etmək olar, səbəb də odur ki, əgər Harris də Prezident seçilsə, onunla işləməyəcək. Blinkenin yerinə onun namizədi var. Belə halda Blinkeni hədəfə almaq asandır. Əslində, bu yöndə ABŞ-nin dövlət kimi ünvanına təhqirlər səsləndirilməsi bir qədər qeyri-ciddidir. Ona görə bir az təvazökar olmaq lazımdır”.

Editor

Related Posts