Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Pulu olanlar işğaldan azad edilən ərazilərdə torpaq icarəyə götürəcək

Pulu olanlar işğaldan azad edilən ərazilərdə torpaq icarəyə götürəcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə investisiya müsabiqələri vasitəsilə icarəyə verilə bilər.

Birinci24.com xəbər verir ki, bu, “Torpaq icarəsi haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin Aqrar siyasəti komitəsinin oktyabrın 14-də keçirilən iclasında müzakirə edilib.

Bundan başqa, layihəyə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhalinin məskunlaşdığı kənd və qəsəbələrə yaxın aqrar təyinatlı torpaqlar da sakinlərə güzəştli şərtlərlə icarəyə veriləcək.

Azərbaycanda 1996-cı ildə torpaq islahatı aparılıb. Torpaqlar sakinlər arasında bölüşdürülüb. Amma Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu bu prosesdən kənara qalıb. (Azərbaycan Ermənistanla müharibəyə görə həmin ərazilərə nəzarətini itirmişdi. 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük hərbi əməliyyatlar nəticəsində həmin ərazilərə nəzarət bərpa edilib).

“Artıq torpaqlara sahib çıxıblar”

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun söyləməsinə görə, o bölgədə torpaqlar artıq, demək olar, məmurların əlindədir: “Yəni, artıq torpaqlara sahib çıxıblar. İndi harada ki, əkib-becərə bilmirlər, kənd təsərrüfatına yararlı olsa da, bir o qədər də məhsuldar olmayan torpaqlar icarəyə veriləcək”.

Ekspertin sözlərinə görə, məmurlar orada dövlət büdcəsi hesabına vəsaitlər əldə edirlər: “Amma istehsalda o qədər də artım yoxdur. İşğaldan azad olunmuş ərazilərdə əkin-səpin aparılsa da, ölkə üzrə heç bir sahədə irəliləyiş yoxdur. Əksinə, biz geriləmə görürük”.

V.Məhərrəmov deyir ki, Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatına yararlı torpaqların sahəsi 600 min hektar civarındadır: “İsrail 400 min hektar kənd təsərrüfata yararlı sahə ilə ölkənin 95 faizini ərzaqla təmin edir. Amma biz irəliləyiş görmürük”.

Onun fikrincə, sözügedən torpaqlardan o zaman səmərəli istifadə etmək mümkün olacaq ki, ora kəndlilər köçürülsün.

Editor

Related Posts