Today Çərşənbə, 16th Aprel 2025
Birinci 24

Birinci 24

Yaxın 5 ildə işğaldan azad olunmuş ərazilərə 20 milyard manat xərc çəkiləcək

Yaxın 5 ildə işğaldan azad olunmuş ərazilərə 20 milyard manat xərc çəkiləcək

2025-2029-cu illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası xərclərinin 20 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir.

Sənədə əsasən, bu xərclər dövlət büdcəsinin əsaslı xərclərinin, təxminən 30%-ni təşkil edəcək.

Sənəddə, həmçinin qeyd olunub ki, 2024-cü ilin sonuna kimi işğaldan azad edilmiş ərazilərdə 10 mindən çox keçmiş məcburi köçkün evlə təmin edilib.

Bildirilib ki, ortamüddətli dövrdə əhalinin dayanıqlı məskunlaşması üçün ərazilərdə ilkin şərtlərin yaradılması planlaşdırılır. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası davam etdiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək və turizm infrastrukturu bərpa olunacaq.

Bununla yanaşı, bölgənin tranzit potensialından faydalanmaq üçün qabaqcıl infrastrukturun qurulması, “ağıllı” biznes modellərinin yaradılması və səmərəli bərpaolunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqi nəzərdə tutulur. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sisteminin qurulması da nəzərdə tutulan tədbirlər sırasındadır. Bölgənin ölkə iqtisadiyyatının tərkibinə reinteqrasiyası məqsədilə ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq.

Sənəddə qeyd olunur ki, ümumilikdə, 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17.6 milyard manat, o cümlədən 2024-cü ildə 5.3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4 milyard manat vəsait nəzərdə tutulub.

Editor

Related Posts