Today Şənbə, 26th Aprel 2025
Birinci 24

Birinci 24

İran və Azərbaycan münasibətləri düzəlirmi?

İran və Azərbaycan münasibətləri düzəlirmi?

İran Prezidenti Məsud Pezeşkian ilk dəfə olaraq aprelin 27-də Azərbaycana rəsmi səfər edəcək. 

Bu, iki ölkənin son illərdə pozulan münasibətlərini yoluna qoyub-qoymadıqları sualını gündəmə gətirir. 

Münasibətlər niyə pozulmuşdu?

Azərbaycan və İran arasındakı münasibətlərin pisləşməsi İkinci Qarabağ Müharibəsindən sonraya təsadüf edir. 2021-ci ildə Azərbaycan İranı o vaxt hələ də keçmiş Dağlıq Qarabağ ərazisində de-fakto idarəçiliyini davam etdirən erməni hökumətinə dəstək olmaqda, onlara silah, benzin göndərməkdə ittiham etmişdi. 

Həmin ilin sentyabrında Azərbaycan polisi Ermənistanı keçməklə Xankəndiyə doğru gedən iki iranlı yük maşını sürücüsünü dövlət sərhədini qanunsuz pozmaq maddəsilə həbs etmişdi. Sürücülər bir ay sonra ölkələrinə qaytarılsa da, İrana qarşı ittihamlar səngimədi. 

İki ölkə arasındakı gərginlik bir-birinin dövlət sərhədində ardıcıl hərbi təlimlər keçirmələri ilə də müşayiət olundu. Bu təlimlərin birində, 2022-ci ilin oktyabrında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Azərbaycanla sərhəddə ponton körpü tikmək və Araz çayını keçmək üzrə məşq etmişdi. 

Buna cavab olaraq, həmin ilin dekabrında Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimlər zamanı azərbaycanlı hərbçilər də oxşar məşqlər həyata keçirmişdi. 

İndi isə Qarabağda erməni hökuməti yoxdur. İki ölkə bir-birinə qarşı meydan oxumaq niyyətilə təlimlər keçirmir. Əksinə, ötən ilin iyununda Azərbaycan və İran hərbçiləri Naxçıvanda, noyabrda isə Ərdəbil vilayətində və Xəzər dənizində birgə hərbi təlimlər keçiriblər. 

Bəs bu iki ölkə arasında münasibətlərin normallaşması mənasına gəlirmi?

Vaşinqtonda mənzillənən Kuinsi İnstitunun qeyri-rezident elmi işçisi Eldar Mamedov düşünür ki, münasibətlərdə müəyyən irəliləyişlərə baxmayaraq, tam normallaşmadan danışmaq hələ tezdir. 

O, bunun səbəbini İranın regional rəqibi olan Türkiyənin və əsas düşməni olan İsrailin Azərbaycanla müttəfiq olmalarında gördüyünü deyib. 

“Bundan başqa, Tehran, Bakının İranda yaşayan etnik azərbaycanlılar arasında separatist meylləri qızışdırmasından narahatdır, Bakı isə Tehranı Azərbaycandakı şiə islamçıları dəstəkləməkdə və Ermənistanla sıx əlaqələr qurmaqda ittiham edir. Bunun fonunda, Bakı ilə Ankara tərəfindən Azərbaycanın əsas ərazisini Naxçıvanla və oradan da Türkiyə ilə birləşdirməyi nəzərdə tutan, Ermənistan ərazisindən keçməsi planlaşdırılan “Zəngəzur dəhlizi” layihəsinə İranın qəti şəkildə qarşı çıxması da münasibətləri daha da gərginləşdirir”, – Mamedov qeyd edir. 

Ekspert bildirir ki, bu geosiyasi ziddiyyətlər qalmaqda davam etdiyi müddətcə, münasibətlərin tam normallaşması ehtimalı az görünür. 

“Lakin ehtimal olunan odur ki, həm Bakı, həm də Tehran gərginlikləri açıq qarşıdurmaya çevrilmədən idarə etməyə çalışacaqlar. Bu mənada, İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri, onun sələfi İbrahim Rəisinin 2024-cü ilin may ayında Araz çayı üzərindəki İran-Azərbaycan sərhədinə gedərək su elektrik stansiyasının açılışında iştirak etməsi kimi, bu cəhdlərin bir hissəsi kimi qiymətləndirilməlidir”, – o deyib. 

İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitunun elmi işçisi Gallia Lindenstrauss da düşünür ki, Pezeşkianın səfəri, 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra artan İran-Azərbaycan gərginliyinin müəyyən qədər azaldığının göstəricisidir. 

“Bu səfər, eyni zamanda 2023-cü ildə Azərbaycanın Qarabağda əldə etdiyi qələbədən sonra İranın Azərbaycanın mövqeyinin gücləndiyini qəbul etdiyini göstərir. Buna baxmayaraq, bu iki ölkə arasında şübhə və etimadsızlıq münasibətlərin ayrılmaz bir hissəsi olaraq qalır”, – o deyib. 

Tehrandakı Azərbaycan səfirliyinə hücum hələ də unudulmur

Azərbaycan və İran arasında pozulan münasibətlərin pik nöqtəsi 2023-cü ilin yanvarında Tehranda Azərbaycan səfirliyinə edilən silahlı hücum idi. Hücum nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəisi ölmüş, iki nəfər yaralanmışdı. 

Hadisədən sonra Azərbaycan səfirliyi evakuasiya edilmiş, Azərbaycan Prezidenti İlham Əliyev isə hücumda İran rəhbərliyini günahlandırmışdı. 

Həmin ilin fevralında o, jurnalistlərə demişdi ki, səfirliyə hücum edən şəxs cəzalanmalı, “amma daha önəmlisi, Azərbaycana qarşı bu vəhşi aktı törədən İran hakimiyyətinin nümayəndələri ədalət qarşısına çıxarılmalıdır”. Əliyev əlavə etmişdi ki, yalnız bundan sonra münasibətlərdə hər hansı normallaşmadan danışmaq olar. 

Bu ilin yanvarında İranın Ali Məhkəməsi səfirliyə hücum edən şəxs haqqında aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmünü təsdiqləyib. Amma onun edam edilməsi haqqında hələ ki, xəbər yoxdur. 

Aprelin 9-da ADA Universitetində keçirilən forumda İranla bağlı suala cavab verən Əliyev deyib ki, “biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik, ancaq bu, Prezident Pezeşkianın seçilməsindən öncə baş vermişdir.” 

O əlavə edib ki, hadisədən iki ildən çox keçməsinə baxmayaraq, İran məhkəməsinin qərarı icra edilməyib. 

“Biz bilirik ki, İranda daha yüngül cinayətlərlə bağlı qərarlar bir neçə aya icra olunur. Bu işdə isə iki ildən artıq vaxt ötüb. Bizi bunu unuda bilərikmi? Əlbəttə ki yox. Bu, bizim münasibətlərə kölgə salır. Biz ümid edirik ki, İranın yeni hökuməti əvvəlki hökumətin vədlərini yerinə yetirəcək. Təkcə bu terror hadisəsini törədən şəxs deyil, onun arxasında dayananlar, onu Azərbaycan səfirliyinə göndərənlər də məsuliyyətə cəlb olunacaq”, – Əliyev bildirib. 

Buna baxmayaraq, Azərbaycanın Tehrandakı səfirliyi ötən ilin iyulunda fəaliyyətini bərpa edib. 

Mamedov hesab edir ki, səfirliyə hücum aktı hələ də münasibətlərdə ciddi problem olaraq qalır. 

“Əliyevin həmin şəxsin hələ də edam olunmamasına təəssüf ifadə etməsi (hərçənd ki, İranda artıq ona ölüm cəzası verilib) bu məsələnin hələ də iki ölkə arasında gərginlik yaratdığını göstərir. Azərbaycanın özündə ölüm cəzası tətbiq olunmadığı halda bu mövqeyin ironiyası da diqqətəlayiqdir”, – o deyib. 

Azərbaycan-İsrail dostluğu və İranın narazılığı

Pezeşkianın səfəri həm də İranın nüvə proqramı ilə bağlı artan beynəlxalq gərginlik, habelə ABŞ və İsrail tərəfindən İranın nüvə obyektlərinə hərbi zərbə endiriləcəyi ilə bağlı söz-söhbətlər fonunda baş verir. 

Mamedov düşünür ki, Tehran Azərbaycanın İsrailin potensial hücumu üçün start meydançası ola biləcəyindən şübhələnir.

ADA Universitetindəki çıxışında Əliyev İsraili Azərbaycana dost ölkə adlandırmışdı. 

Gallia Lindenstraussun sözlərinə görə, İsrail Azərbaycan-İran münasibətlərini yaxından izləyir, amma özünün Bakı ilə möhkəm əlaqələrinə də arxayındır. 

İsrailin “İsrael Hayom” qəzeti də bu ölkənin Baş naziri Benjamin Netanyahunun bu yaxınlarda Azərbaycana rəsmi səfər edəcəyini yazıb.

Mamedov xatırladır ki, Azərbaycan və İsrail 1990-cı illərdən bəri möhkəm strateji əməkdaşlıq nümayiş etdirirlər. O, buna nümunə olaraq Azərbaycanın İsrailin inkiaf etmiş hərbi texnologiyasına, xüsusilə pilotsuz uçuş aparatları və raket sistemlərinə arxalandığını qeyd edir. 

“Əlavə olaraq, İsrailyönlü lobbi qrupları – AIPAC (Amerika–İsrail Siyasi Fəaliyyət Komitəsi-red.) və JINSA (Milli Təhlükəsizlik Məsələləri üzrə Yəhudi İnstitutu-red.) Vaşinqtonda Azərbaycanın maraqlarının qorunmasında, xüsusən də insan haqları tənqidlərinin susdurulması və ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığına qoyulan məhdudiyyətin aradan qaldırılmasında dəyərli lobbiçi kimi qiymətləndirilir.”

Eldar Mamedov deyir ki, Azərbaycan İsrailə neftinin təxminən 40%-ni satır və İran sərhədləri yaxınlığında strateji müttəfiq kimi xidmət edir. Həmçinin, kəşfiyyat sahəsində əməkdaşlıq və Cənubi Qafqazda dayaq yeri təmin edir. 

“Azərbaycanın 2023-cü ildə İsraildə səfirliyini açması ilə bu əlaqələr daha da dərinləşdi. İranın etirazlarına baxmayaraq, Azərbaycan İsraillə əlaqələri genişləndirməyi dayandırmaq niyyətində deyil”, – o qeyd edir. 

Pezeşkiana gəldikdə, Mamedov bildirir ki, İran prezidenti Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün çoxşaxəli yanaşmaya əsaslanan bir mövqe ortaya qoyub. 

O, iqtisadi, siyasi, mədəni, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığa üstünlük verən bir kurs təklif edir. Bu da qonşu və müsəlman ölkələrlə əlaqələrin gücləndirilməsinə yönəlmiş daha geniş siyasətin tərkib hissəsidir.

Pezeşkian 2024-cü ilin oktyabrında və 2025-ci ilin yanvarında Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, eləcə də 2025-ci ilin fevralında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev ilə görüşlərində ikitərəfli münasibətlərin müxtəlif sahələrdə — ticarət, enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində — genişləndirilməsinin vacibliyini vurğulayıb. 

Pezeşkian dəmir yolu və avtomobil yolu əlaqələri kimi birgə layihələrin əhəmiyyətini qeyd edib və bu sahələrdə əməkdaşlığa mane olan əngəllərin aradan qaldırılması üçün İranın hazır olduğunu bildirib. 

“Lakin Pezeşkianın bu baxışı müəyyən çətinliklərlə də üzləşir, çünki Azərbaycan İsraillə sıx münasibətlərə malikdir və İran İsraili əsas təhlükə mənbəyi kimi görür. Buna görə də Pezeşkian bu geosiyasi maneəni idarə etməli və İran üçün ciddi narahatlıq doğuran bu məsələni diqqətlə yönəltməlidir”, – Eldar Mamedov deyir. 

Editor

Related Posts